Yuxarı
    Bağlamaq

    SOCAR istedadlı şagirdlər üçün yeni təqaüd təyin edib

    Təqaüdlər sentyabr ayından xüsusi fərqlənən şagirdlərə ildə bir dəfə təqdim olunacaq

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016/2017-ci tədris ilindən etibarən Bakı İstedadlar Təhsil Kompleksininin (BİTK) təhsildə və davranışda fərqlənən şagirdləri üçün xüsusi təqaüdlər təyin edib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, təqaüdlər sentyabr ayından xüsusi fərqlənən şagirdlərə ildə bir dəfə təqdim olunacaq. Şagirdlərin akademik göstəricilərindən asılı olaraq, təqaüdün məbləği, illik təhsil haqqının 50%, 70% və 100%-ə qədər olan məbləğini təşkil edəcək. Hazırda təqaüdçülərin seçim prosedurları hazırlanır.

    "Sosial məsuliyyət ənənəsinə sadiq qalaraq, SOCAR Azərbaycanda ictimai rifahın yüksəldilməsi məqsədilə müxtəlif sahələrdə layihələr həyata keçirir. Neftdən gələn gəlirləri Azərbaycanın insan kapitalına çevirmək üçün SOCAR təhsil layihələrinə də davamlı dəstək verməkdədir. Son illərdə Bakı və regionlarda bir çox məktəblərin inşası və əsaslı təmiri birbaşa SOCAR tərəfindən maliyyələşdirilib. İşçi qüvvəsinin səriştəsini artırmaq üçün ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən SOCAR-ın təlim və tədris mərkəzləri yüksək səriştəli peşəkarlar hazırlamaqdadır", - deyə SOCAR-dan bildirilib.

    Qeyd olunub ki, SOCAR-ın daxili təqaüd proqramı minlərlə tələbəni daha yüksək nəticələrə təşviq edirsə, xarici təqaüd proqramı yüzlərlə istedadlı gənclərə xaricdə yüksək reytinqli ali təhsil müəssisələrində təhsil almağa şərait yaradır: "Hər il SOCAR-ın dəstəyi ilə keçirilən “Yay məktəbi” ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin təcrübə və bilik mübadiləsi üçün bir platforma təşkil edir. Bundan əlavə, şirkət azərbaycanlı gənclərin xaricdəki ictimai təşəbbüslərini də dəstəkləyir və bu məcrada Azərbaycan Tələbə Şəbəkəsi (Azerbaijan Student Network) kimi tələbə təşkilatlarının fəaliyyətinə töhfələr verib. BİTK şagirdləri üçün nəzərdə tutulan yeni təqaüd layihəsi də şirkətin istedadlara dəstək strategiyasının davamıdır və məhz istedadlı uşaqların keyfiyyətli müasir təhsildən kənarda qalmamasını təmin etmək üçün nəzərdə tutulub".

    Qeyd edək ki, BİTK 2012-ci ildə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və SOCAR-ın dəstəyi ilə “Britaniya məktəbi” kimi təsis olunub. 2015-ci ilin sentyabr ayında BİTK-də şagirdlərin sayı 640-a çatıb və təxminən 100 nəfər müəllim və müəllim köməkçisindən ibarət olan 150-dən çox işçi heyəti var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi