Yuxarı

SOCAR-ın Daxili Təqaüd Proqramı üzrə test imtahanı keçirilib

Müsabiqəyə Azərbaycanın 25 ali təhsil müəssisəsindən 2628 nəfər müraciət edib

Bakı. 20 aprel. REPORT.AZ/ SOCAR-ın Daxili Təqaüd Proqramı üzrə müsabiqənin test mərhələsi keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, imtahanda 1726 iddiaçı iştirak edib. Növbəti həftə ərzində ixtisas qrupları üzrə keçid balları müəyyənləşdiriləcək.

Qeyd edək ki, 2014-2015-ci tədris ili sənəd qəbulu cari ilin 2-23 fevral tarixlərində həyata keçirilib. Bu müddətdə Azərbaycanın 25 ali təhsil müəssisəsindən müsabiqəyə 2628 nəfər müraciət edib. Proqramın şərtlərinə cavab verən 2181 tələbə müsabiqənin 1-ci turuna - TQDK tərəfindən keçirilən məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanına vəsiqə qazanıb.

Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-cü ildən başlayaraq bakalavr və magistratura pillələri üzrə yüksək tədris göstəricilərinə malik olan tələbələr üçün Daxili Təqaüd Proqramı həyata keçirir, müsabiqə əsasında aylıq təqaüdlər təyin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi