Yuxarı

Sabahdan ali məktəblərə ərizə qəbulu başlayır

Müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının 2‑ci sayında çap edilib

Bakı. 31 mart. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

Bu barədə “Report”a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təh­si­li mü­əssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol­dururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.

“Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ərizənin təsdiqi TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatların tam olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər;

Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər;

2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;

I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər.

2. Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

- Azərbaycanda təhsil almış Azərbaycan Respub­likasının vətəndaşları (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

Bakı Dövlət Universiteti (Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti (Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);

Qafqaz Universiteti (Sumqayıt şossesi 16-cı km);

Bakı Biznes Universiteti (Bakı ş., H.Zərdabi küçəsi,88a);

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş., Atatürk prospekti, 262);

Gəncə Dövlət Universiteti (Gəncə ş., H.Əliyev prospekti, 187);

Azərbaycan Texnologiya Universiteti (Gəncə ş., Ş.İ.Xətai prospekti, 103);

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

Sumqayıt Dövlət Universiteti (Sumqayıt ş., 43-cü məhəllə);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

Mingəçevir Dövlət Universiteti (Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (Şəki ş., M.Rəsulzadə prospekti, 305);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı (Qazax ş., H.Əliyev prospekti, 150);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı (Ağcabədi ş., M.Rəsulzadə prospekti, 210);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı (Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (Quba ş., Fətəlixan küçəsi, 4);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı (Şamaxı ş., Şəhriyar qəsəbəsi, Azadlıq küçəsi, 1);

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı (Zaqatala ş., Q.Kərimov küçəsi, 4).

- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:

TQDK (Bakı ş., M.Müşfiq küç., 1m);

TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

TQDK-nın Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

TQDK-nın Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

TQDK-nın Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

TQDK-nın Ağcabədi Regional Bölməsi (Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1).

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialında (Qazax ş., H.Əliyev prospekti, 150) yara­dıl­mış SQK-da təsdiq etdirə bilərlər.

Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK‑ya aşağıdakı sənədləri şəx­sən təqdim etməlidirlər:

- tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədi:

a) əvvəlki illərin məzunları sənədin əslini;

b) ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə 2)*;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını (vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

- hərbi bilet və ya çağı­rışçı şəhadətnaməsini.

Ali və ya orta ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, SQK-ya aşağıdakıları da təqdim etməlidirlər:

- təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə 3)*;

- attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (Əlavə 4)*.

Xarici ölkədə təhsil almış şəxslər yuxarıda qeyd olu­nan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edil­miş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

1981-1998-ci il təvəllüdlü (1998-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağrışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin ça­ğırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiy­yat onların daimi yaşayış yerlərinin hərbi ko­mis­sarlıqları tərəfindən aparılır.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda göstərilən müd­dət­də və qay­dada elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tə­ləb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ix­tisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qey­diy­yatdan keçmiş abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış) imta­hanında iştirak edirlər və bu imtahanda top­la­dıq­ları balları müvafiq müsabiqə şərtlərini ödə­yənlər qabi­liyyət imtahan­larına buraxılırlar.

Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir. Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir.

2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının 2‑ci sayında çap edilib.

Bu nömrədə həmçinin 2015-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr dərc olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi