Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ADNSU-da olublar

Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ADNSU-da olublar Görüşdə gələcək işlərdə ”Gazprom” şirkətinin təcrübəsinin universitet üçün səmərəli ola biləcəyi vurğulanıb
Elm və təhsil
3 İyul , 2017 20:43
Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ADNSU-da olublar

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın “Qazprom” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

ADNSU-dan "Report"a verilən məlumata görə, rektor M.Babanlı qonaqlara universitetin tarixi, tədris prosesi, əcnəbi tələbələr, beynəlxalq əməkdaşlıq, Fransa-Azərbaycan Universiteti ilə bağlı geniş məlumat verib. O “Qazprom” şirkəti ilə əməkdaşlığın qurulması və genişləndirilməsi üçün görülməli olan işlərdən danışıb. 

Görüşdə dənizdə qazın çıxarılması, ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidən Hazırlama İnstitutunda kadrların hazırlanması, həmçinin birgə tədqiqat işlərinin aparılması, şirkətin əməkdaşlarının ADNSU-da ikinci ali təhsilə cəlb edilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.

“Qazprom”un nümayəndə heyətinin rəhbəri Andrey Balobin ADNSU ilə əməkdaşlığa böyük önəm verdiklərini, bu əməkdaşlığın hər iki tərəfin inkişafına təkan verə biləcəyini qeyd edib. 

Görüşdə həmçinin, gələcək işlərdə ”Gazprom” şirkətinin təcrübəsinin universitet üçün səmərəli ola biləcəyi vurğulanıb.

Daha sonra Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidən Hazırlama İnstitutunda 22 istiqamət olmaqla hər bir istiqamət üzrə mövzu və müddətə görə müxtəlif kurslar haqqında video təqdimat nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi