Rus bölməsinin abituriyentləri iyulun 7-də "Azərbaycan dili" fənnindən imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri iyulun 7-də "Azərbaycan dili" fənnindən imtahan verəcəklər İmtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur
Elm və təhsil
3 İyul , 2015 15:15
Rus bölməsinin abituriyentləri iyulun 7-də Azərbaycan dili fənnindən imtahan verəcəklər

Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 7-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlanacaq.

Məlumatda bildirilir ki, bu il "Azərbaycan dili" fənni üzrə ilk imtahan cari ilin aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiyməti alıb. Qəbul qaydalarına əsasən, aprelin 26-da keçirilən imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlər imtahana gələrkən özləri ilə buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.

Məlumat üçün bildirək ki, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 975 nəfərini oğlanlar, 807 nəfərini qızlar təşkil edir. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.

Qeyd edək ki, abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Son xəbərlər

Orphus sistemi