Ployeşti Neft-Qaz Universitetinin prorektoru: "Rumıniya və Azərbaycan universitetləri arasında əməkdaşlıq qədim ənənələrə malikdir" - MÜSAHİBƏ

Ployeşti Neft-Qaz Universitetinin prorektoru: "Rumıniya və Azərbaycan universitetləri arasında əməkdaşlıq qədim ənənələrə malikdir" - MÜSAHİBƏ Mihail Minesku: "Universitetimiz neft-qaz sənayesi inkişaf edən ölkələrdən tələbələri cəlb etməkdə maraqlıdır"
Elm və təhsil
19 İyul , 2017 14:44
Ployeşti Neft-Qaz Universitetinin prorektoru: Rumıniya və Azərbaycan universitetləri arasında əməkdaşlıq qədim ənənələrə malikdir - MÜSAHİBƏ

Buxarest. 19 iyul. REPORT.AZ/ Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin prorektoru Mihail Mineskunun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- İlk olaraq azərbaycanlı oxuculara Ployeşti Neft-Qaz Universiteti haqqında məlumat verməyinizi xahiş edirəm?

- Böyük məmnuniyyətlə Azərbaycan oxucularına Ployeşti Neft-Qaz Universiteti haqqında məlumat vermək istəyirəm. Əsası 1948-ci ildə Buxarestdə qoyulan universitetimiz ilk olaraq “Neft və Qaz İnstitutu” adlanıb. İnstitutun əsas məqsədi Rumıniyanın neft-qaz sənayesi üçün ali təhsilli mütəxəssislərin hazırlanması olub. 1975-ci ildə institut Ployeşti şəhərinə köçürülüb, 1993-ci ildə isə ali təhsil ocağının bazasında Ployeşti Neft-Qaz Universiteti yaradılıb. Hazırda universitetdə 5 fakültə - Neft və Qaz mühəndisliyi, Mexanika və Elektrotexnika mühəndisliyi, Neft texnologiyası və neft-kimyası, İqtisadiyyat və Xarici dillər fakültələri fəaliyyət göstərir. Ployeşti Neft-Qaz Universiteti dünyanın aparıcı universitetləri ilə təcrübə mübadiləsinin bölüşdürülməsi və əməkdaşlıq, müəllim və tələbə heyətinin qarşılıqlı proqramlarda iştirakını dəstəkləyən Rumıniyanın ən fəal ali təhsil ocaqlarından biridir. Onu da əlavə edim ki, Rumıniya və Azərbaycan universitetləri arasında əməkdaşlıq qədim ənənələrə malikdir.

- 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya səfəri zamanı ali təhsil ocağında olub və universitetin Fəxri Doktoru adına layiq görülüb. Səfər zamanı həmçinin hər il olmaqla 2-3 tələbəyə “Heydər Əliyev” təqaüdünün təqdimatı da baş tutub. Hazırda əlaqələri necə qiymətləndirirsiniz?

- Sizin qeyd etdiyiniz kimi, 2004-cü ildə Prezident İon İliyeskunun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada səfərdə olub. Bu səfəri iki dövlət arasında vacib əməkdaşlığın başlanğıcı hesab edirik. Məlumdur ki, həm Rumıniya, həm də Azərbaycan neft sənayesində zəngin təcrübəyə malikdir. Əgər 1857-ci ildə Rumıniyada (Rəsmi qeydiyyatdan keçib-RED) neft emalına başlanılırsa (250 ton) və eyni ildə dünyada ilk dəfə olaraq Neft Emalı Zavodu tikilirsə, Buxarest neft lampası ilə işıqlanan dünyanın ilk paytaxtıdırsa (1957-ci il), Azərbaycan isə dənizdə ilk qazma işlərini aparan, neft və qaz quyularının istismarı ilə məşğul olan ilk ölkədir. Prezident İlham Əliyevin universitetimizə səfər etməsinin səbəblərindən biri də budur. Bu münasibətlə universitetin Senatı Prezident İlham Əliyevə Fəxri Doktor adını verib. Həmin vaxt Azərbaycan Prezidentinin dəstəyi ilə neft-qaz sistemləri üzrə müasir avadanlıq quraşdırılmış laboratoriyanın açılış mərasimi keçirilib. 

- Ployeşti Neft-Qaz Universitetində tələbələrə, xüsusilə xarici tələbələrə hansı şərait yaradılıb. Ali təhsil ocağında hazırda neçə azərbaycanlı tələbə təhsil alır?

- Hazırda Ployeşti Neft-Qaz Universitetində 27 ölkədən 324 xarici tələbə təhsil alır. Azərbaycandan isə neft və qaz sahəsində oxuyan 2 tələbəmiz var. Universitetdə 100 nəfərlik 80 seminar və mühazirə otaqları, 500 yerlik auditoriya, müasir avadanlıqla təchiz edilmiş 140 laboratoriya, 450 min tonluq zəngin kitabxana, internet şəbəkəsinə qoşulmuş 600-dən çox kompyüter, 7 tələbə yataqxanası var. Bundan başqa, tələbələrin idmanla məşğul olması üçün futbol, həndbol, voleybol, tennis zalları mövcuddur. Hazırda universitetin müxtəlif idman növlərində 10 klubu fəaliyyət göstərir. Tələbə Mədəniyyət Evində isə mədəni tədbirlər, sərgi, simpozium və konfranslar təşkil olunur.

- Bu ilin mayında Rumıniya Təhsil Nazirliyinin nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiniz. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?

- Bu il mayın 20-24-də Rumıniya təhsil nazirinin müavini Gigel Paraschivin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdik. Azərbaycan Diplomatik Akademiyasında təşkil olunan Rumıniya-Azərbaycan Universitetlərarası Foruma qatıldım. Günün ikinci yarısında isə akademiyada təşkil olunan təhsil sərgisində universitetimiz fəal iştirak etdi. Ali təhsil ocağının stendini tələbələr böyük maraqla ziyarət edirdilər, təhsil imkanları barədə onlara ətraflı məlumat verdik. Tələbələr əsasən neft və qaz, eləcə də iqtisadiyyat fakültələrində magistr pilləsi üzrə təhsil barədə məlumat almaq istəyirdilər. 

Bununla yanaşı, ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universitetilə yaxından tanış olduq. Bizim universitetimiz neft-qaz sənayesi inkişaf edən ölkələrdən tələbələri cəlb etməkdə maraqlıdır. Azərbaycan da onlardan biridir. Bildiyiniz kimi, SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələri var və davamlı olaraq YDM şəbəkəsi genişlənir. Universitetimizi bitirən hər bir tələbə belə şirkətlərdə işləyə bilərlər. Yarandığı 1948-ci ildən bəri 90 ölkədən 3500-dən çox xarici tələbə Ployeşti Neft-Qaz Universitetində təhsil alıb. Həmin tələbələr öz ölkələrində neft sənayesinin inkişafına töhfələrini veriblər. Nə üçün azərbaycanlı tələbələr də bizim universitetdə təhsil almasınlar?! Nəzərinizə çatdırım ki, digər ölkə universitetləri ilə müqayisədə təhsil haqqı aşağıdır (illik 2700 avro), savadlı və bilikli müəllim və professor heyətimiz var və ən əsası tələbələrin təhsil alması üçün yüksək səviyyədə şərait yaradılıb.

- Səfər çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) ilə Ployeşti Neft-qaz Universiteti arasında anlaşma memorandum imzalandı. Ali təhsil ocaqları arasında növbəti əməkdaşlıq addımı hansı olacaq?

- Bəli, Bakıdakı forum zamanı biz əməkdaşlıq protokolu imzaladıq. Tədris planına uyğun olaraq, ERASMUS+ proqramı çərçivəsində, eləcə də hər iki ali təhsil ocağının müəllim və tələbə heyəti üçün təcrübə mübadiləsini həyata keçirəcəyik.

Təcrübə mübadiləsi proqramının bir hissəsi olaraq 3 həftə ərzində 10 nəfərlik tələbə qrupumuz Bakı Ali Neft Məktəbinə yollanacaq, həmçinin sözügedən azərbaycanlı tələbələr Ployeşti Neft-Qaz Universitetinə gələcəklər. Yemək və qalma xərclərini ali təhsil ocağı üzərinə götürəcək. Yol xərcləri isə tələbələr tərəfindən qarşılanacaq.

- Siz sovetlər birliyi zamanı Azərbaycanda olmusunuz. İkinci səfəriniz zamanı o dövrün Bakısı ilə indiki paytaxt arasındakı fərqi yəqin ki, hiss etdiniz….

- Əlbəttə, bu mənim Bakıya ilk səfərim deyil. 1979-cu ildə Neft-Qaz İnstitutunun tələbəsi olaraq bizim ali təhsil ocağı ilə Moskvadakı Gupkin adına Neft İnstitutu arasında təcrübə mübadiləsi proqramı çərçivəsində 8 gün ərzində Bakıda olmuşam. Bakıya ikinci səfərim zamanı isə tamamilə dəyişən paytaxtın, çiçəklənən və təmiz şəhərin simasını kəşf etmək mənim üçün böyük sürpriz oldu. Bakının bu cür inkişaf etdiyini İnternetdən oxumuşam, Bakı bulvarını görəndə isə çox heyran oldum.

Son xəbərlər

Orphus sistemi