Yuxarı

Rəsmi açıqlama: “Gələcəkdə magistr və doktoranturada oxuyan tələbələrə də güzəştli kreditlər veriləcək”

“Tələbələrə yaşayış, yaxud hər hansı texnikanın alınmasına maddi yardımın edilməsi layihələrinə də pul ayrılacaq”

Bakı. 6 iyun. REPORT.AZ/ “Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi bu il yalnız bakalavrlara aid ediləcək. Lakin bu o demək deyil ki, magistr və doktoranturaya şamil edilməyəcək. Gələcəkdə bu kredit sistemi onlara da tətbiq olunacaq”.

“Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, hazırda ali təhsil müəssisələrində oxuyan bir çox tələbə tədris ilini başa vursa da, hələ təhsil haqqını ödəyə bilməyib: “Həmin tələbələrin Maarifçi Tələbə Kredit Fondundan təklifindən yararlanmağı yaxşı məqamdır. Ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yuxarı olanlar Fondda müraciət edərək bu tədris ilindəki borclarını ödəyə bilərlər”.

Maarifçi Tələbə Kredit icraçı direktoru Rüfət Mahmud isə qeyd edib ki, pilot layihə olduğundan gələcəkdə konkret hansı işlərin görüləcəyini indidən demək çətindir: “Bu gün Fondda maddi imkanlar yoxdur. Burada yalnız qeyri-maddi imkanlardan söhbət gedir. Gələcəkdə isə tələbələrə yaşayış krediti vermək üçün Fondda maliyyə tutumu olmalıdıdır. Çünki tələbə yataqxanasında və ya kirayə qaldığı ev üçün real olaraq vəsait ayrılmalıdır. Yəni, növbəti illərdə bu məsələnin gerçəkləşdirilməsi çətindir. Lakin qəbul olunan Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq fondun əsas hədəfi olaraq nəzərdə tutulub ki, gələcəkdə yaşayış, yaxud tələbənin araşdırma aparmaq üçün lazım olan hər hansı texnikanın alınmasına maddi yardımın edilməsi layihələrinə pul ayırmağı planlaşdırır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi