AMEA Dilçilik İnstitutu reklam və elan mətnlərinə nəzarət edəcək

AMEA Dilçilik İnstitutu reklam və elan mətnlərinə nəzarət edəcək Məsələ ilə bağlı ünvanlanan müraciətə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib
Elm və təhsil
4 Fevral , 2015 20:49
AMEA Dilçilik İnstitutu reklam və elan mətnlərinə nəzarət edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ "AMEA-nın Dilçilik İnstitutu reklam və elan mətnlərinə nəzarəti təmin etmək niyyətindədir. Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb və müsbət cavab alınıb". Bu barədə "Report"a Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov məlumat verib.

Onun sözlərinə görə, reklam və elanlar dərc olunmamışdan əvvəl onların mətnləri ya instituta göndərilməli, ya da institutun əməkdaşları mətn yazılarkən reklam idarəsində iştirak etməlidir: "Reklam mətnində olan səhvlərə düzəliş olunduqdan sonra küçələrdəki reklam lövhələrinə asılmalıdır. Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi İnstitutla sıx əməkdaşlıq etməlidir. Belə ki, onlar əvvəlcədən reklam mətnini yollamalı, biz də mövcud səhvləri düzəldib geri yollamalıyıq. Bu əməkdaşlıq onlar üçün də səmərəli ola bilər, çünki reklamlarda səhvlər olduqda sökülür, düzəliş edilərək yenidən asılır. Təbii ki, bu da kifayət qədər maliyyə itkisidir".

R.Heydərov həmçinin bildirib ki, institutun hazırkı işi idarə ilə əməkdaşlıq üçün müqavilə hazırlamaqdır.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi Bakı şəhəri ərazisində küçə reklamı yerləşdirilməsinə nəzarət edir, reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır.

Son xəbərlər

Orphus sistemi