Yuxarı

Qurban Yetirmişli: "Uzun müddət sonra olacaq zəlzələlərin proqnozlarını cəmiyyətə açıqlamaq düzgün deyil"

İnsanları təşvişə salmaq, çaşqınlıq yaratmaq olmaz

Bakı. 14 aprel. REPORT.AZ/ "Uzun müddət sonra olacaq zəlzələlərin proqnozlarını cəmiyyətə açıqlamaq, informasiya vermək düzgün deyil". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, qısa zaman ərzində olan zəlzələlərin yerini, vaxtını və gücünü vermək olar: "Uzun müddət əvvələ verilən proqnozlar elmi araşdırmalar üçündür. Elə proqnozları cəmiyyətə açıqlamaq, informasiya vermək düzgün deyil. Çünki həmin proqnoz səhv də çıxa bilər, bəs onda necə olsun?! İnsanları təşvişə salmaq, çaşqınlıq yaratmaq olmaz. 2000-ci il noyabrın 25-də baş verən zəlzələnin proqnozunu aprelin 27-də rəsmi məktub formasında müvafiq qurumlara bildirmişdik. Biz dəqiq vaxt bilmirdik, sadəcə gözləyirdik ki, belə hadisə ola bilər. Əvvəlcədən xəbər verəndə millət neynəməlidir ki..."

Yaxın vaxtlarda Azərbaycan ərazisində gözlənilən zəlzələlərə münasibət bildirən Q.Yetirmişli bildirib ki, Azərbaycanda hazırda seysmoloji vəziyyət demək olar fon səviyyəsindədir, elə güclü aktivlik yoxdur: "Fon səviyyəsində zəlzələlər daimi olur. Məsələn, bu gecə 8-9 zəlzələ qeydə alınıb, iki təkan Xəzər dənizində olub. Amma hamısı zəif təkanlardır. Yəni güclü aktivlik gedən bölgə yoxdur, hamısı fon səviyyəsində gedən zəlzələlərdir. Seysmoloji bölgədə belə zəlzələlərin olması normaldır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi