Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Qayğı ilə addım-addım" adlı maarifləndirici konfrans keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Qayğı ilə addım-addım" adlı maarifləndirici konfrans keçirilib Bakıda Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Qayğı ilə addım-addım adlı maarifləndirici konfrans keçirilib.
Elm və təhsil
30 May , 2019 17:42
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Qayğı ilə addım-addım adlı maarifləndirici konfrans keçirilib

Bakıda "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan "Qayğı ilə addım-addım" adlı maarifləndirici konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans daun sindromlu uşaqlara aid videoçarxın nümayişi ilə başlayıb.

"Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva bildirib ki, Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü ildə Heydər Əliyev Fondu, birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilib: "O vaxtdan etibarən mərkəz daun sindromlu insanların təmənnasız reabilitasiyasını və təhsilini təmin edir, onların sosial vərdişlərə yiyələnməsini asanlaşdırır. Ötən 5 il ərzində "Qayğı" ailəsi olaraq xeyli uğur əldə etmişik. Onlarla daun sindromlu uşağın müalicəsi və əməliyyatı keçirilir. Daun sindromlu uşaqların şəhərimizin maraqlı yerlərinə, bölgələrə gəzintiləri təşkil edilir. Onların maraq dairələrinə uyğun kurslar, master-klaslar və sərgilər keçirilir. Millətimiz üçün xüsusi əhəmiyyət kəsb edən tarixi hadisələr, milli, dünyəvi dəyərlər onlara öyrədilir".

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova bildirib ki, daun sindromlu insanların dolğun həyat yaşamaq tərzini müzakirə etmək üçün toplaşmışıq: "Mərkəzdə hazırda 250 nəfərdən çox uşaq qeydiyyata alınıb. Dərslər iki növbədə keçirilir. Birinci növbədə 5-10 yaş arası uşaqlar, ikinci növbədə isə 10 yaşından yuxarı uşaqlar olur. Mərkəzdə məktəbəqədər hazırlıq, bütün fənnlər üzrə dərslər keçirilir. Eyni zamanda hər bir uşağa ad günü keçiririk və onlara şirniyyat kimi hədiyyələr edirik".

Çıxış edən valideyn, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktor müavini Zərifə Məmmədova deyib ki, 2001-ci ildə ilk dəfə daun sindromlu uşaqların anaları qrup yarada biliblər: "O valideynlərin arasında mən də olmuşam. Oğlum dünyaya gələndən 2 ay sonra bildim ki, o, daun sindromudur. Ancaq mən başa düşə bilmirdim bu nə deməkdir. Bir çox valideyn bunu xəstəlik bilir, ancaq bu sindromdur. Cəmiyyət bütün uşaqları eyni qəbul etməlidir. Əgər cəmiyyət onları qəbul edə bilməyəcəksə, sözsüz ki, uşaq geridə qalacaq. Bəzi valideynlər fikirləşir ki, onlara evdə oturmaq lazımdır. Çünki bəzən insanlar düzgün reaksiya vermirlər. Dünyada hər il 7-8 min daun sindromlu uşaqlar dünyaya gəlir".

Pediatr Könül Süleymanova "Daun sindromu, xarakteristikası, növləri və ən çox rast gəlinən yanaşı potologiyalar", psixoloq Fərqanə Nağıyeva "Daun sindromlu şəxslərin psixi inkişaf xüsusiyyətləri", psixoloq-defektoloq Günay Bədəlzadə "Daun sindromlu şəxslərin psixi inkişaf xüsusiyyətləri", uzman psixoloq Əminə Qurbanlı "Psixoterapiya və daun sindromu", Təhsil Problemləri İnstitutunun İnklüziv təhsil şöbəsinin müdiri Lalə İmanova "Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasında inklüziv təhsilin rolu" adlı təqdimatlar ediblər.

Qeyd edək ki, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzi Heydər Əliyev Fondunun, birbaşa Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi