Yuxarı

Nazir müavini: “Bu ayın sonunadək “Yüksəliş” proqramı ictimaiyyətə təqdim olunacaq"

Nazir müavini: “Bu ayın sonunadək “Yüksəliş” proqramı ictimaiyyətə təqdim olunacaq"
© Report / Elchin Murad — Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev

“Yüksəliş” proqramının formatının hazırlanması istiqamətində müvafiq işlər görülür. Bu ayın sonunadək proqramın ictimaiyyətə təqdimatı həyata keçiriləcək".

“Report” xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev “GəncLİK” proqramının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu proqramda 21-51 yaş arası hər bir Azərbaycan vətəndaşı iştirak edə biləcək: “Bilirsiniz ki, "Yüksəliş” proqramı Azərbaycanda kadr ehtiyatları bazasının yaradılması məqsədini daşıyır. Proqram vasitəsilə qaliblər müxtəlif mükafatlar alacaqlar. Həmçinin elmi araşdırmalar, şəxsi inkişaf üçün dövlət tərəfindən mükafatlar alacaq, müxtəlif proqramlara cəlb olunacaqlar. Onların çox güclü müəllimləri olacaq. Eyni zamanda Azərbaycanın nazirləri bu proqramda mentorluq edəcəklər. Təbii ki, qalib gələn 20 nəfər şəxsin adı kadrlar ehtiyatı bazasına daxil ediləcək ki, növbəti mərhələlərdə də dövlətimiz və yaxud böyük şirkətlər, onların potensialından yararlanacaqlar. Bu, həqiqətən də böyük sosial layihədir. Çalışacağıq ki, seçimlər çox da çətin olmasın. Amma bu elə də asan olmayacaq. Burada liderlik, bacarıq ən önəmli meyarlardır. Bu proqramın hazırda formatı hazırlanır. Çox güman ki, bu ayın sonunadək məlumat veriləcək və ayın sonunda bu proqramın ictimaiyyətə təqdimatı həyata keçiriləcək".

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi