"Naxçıvan şivələrinin atlası" hazırlanıb

"Naxçıvan şivələrinin atlası" hazırlanıb Yaxın aylarda atlasın təqdimatı planlaşdırılır
Elm və təhsil
5 Mart , 2015 15:11
Naxçıvan şivələrinin atlası hazırlanıb

Bakı. 5 mart. REPORT.AZ/ "Naxçıvan şivələrinin xəritələri üzərində iş başa çatdırılıb. Dil tarixi və dialektologiya şöbəsinin nəzdində yaradılmış dialektoloji atlas qrupunun hazırladığı xəritələr artıq çapa təqdim edilib". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Dil tarixi və dialektologiya şöbəsinin müdiri Teyyub Quliyev deyib.

O bildirib ki, dialekt materiallarının toplanması və tədqiqinin son mərhələsi onların təsviri, yəni dialektoloji atlasın hazırlanmasıdır: "Atlasın əsas əhəmiyyəti ondan ibarətdir ki, çoxsaylı elmi məlumatlar burada daha yığcam və əyani görünür".

Şöbə müdiri qeyd edib ki, "Azərbaycan dilinin dialektoloji atlası" toplusu ilk dəfə sovet dövründə hazırlanıb: "Təbii ki, zaman keçdikcə dialektlərdə dəyişikliklər, qarışmalar baş verir. Bu səbəbdən də yeni araşdırmalara daim ehtiyac olur. İlk atlasdan fərqli olaraq, hazırda institutda ayrı-ayrı bölgələrin atlasları hazırlanır. Birinci işimiz Naxçıvan şivələrinin atlasıdır. Naxçıvana bir neçə ekspedisiya təşkil edilib və mütəxəssislər araşdırmalar aparıblar".

T.Quliyev həmçinin deyib ki, ilk dəfə olaraq atlasın içərisində mp3 formatında canlı səs yazıları veriləcək: "Çünki oxumaq ayrı, oxuduqlarını həmin dialektin daşıyıcısının dilindən eşitmək isə tamamilə fərqlidir. Yaxın aylarda atlasın təqdimatı planlaşdırılır". 

Son xəbərlər

Orphus sistemi