Yuxarı

"Naxçıvan Muxtar Respublikasının Geoloji Ensiklopediyası" gələn il təhvil veriləcək

Toplu ilə paralel şəkildə Azərbaycanın geoloji ensiklopediyası da hazırlanır

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bu günə qədər nə Azərbaycan Respublikası, nə də Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyası olub. Bunu nəzərə alaraq AMEA prezidenti, akademik Akif Əlizadə bele bir ideya irəli sürdü ki, Naxçıvan Muxtar Respublikasının geoloji ensiklopediyası yaradılsın. Artıq 3 ilə yaxındır ki, bu işlə məşğuluq və işlərin böyük qismi yekunlaşmaq üzrədir. Bu il üçün olmasa da, 2015-ci ilin birinci rübü üçün kitabı təhvil verməyə çalışacağıq". Bunu "Report"a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, akademiyanın müxbir üzvü Tələt Kəngərli deyib.

Onun sözlərinə görə, Naxçıvanın geoloji vəziyyəti barədə hərtərəfli məlumatlar ilk dəfə keçən əsrin 50-ci illərinin sonunda Ş.Ə.Əzizbəyov və başqaları tərəfindən hazırlanan "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının geologiyası" adlı monoqrafiyada öz əksini tapıb: "Bundan sonra digər məlumatlarla yanaşı, yeni məlumatlar da əldə edilib. Buna görə də yeni yaradılacaq ensiklopediyada həmin informasiyaların yer almasına çalışmışıq. Əsas məqsədimiz bugünkü gündə müasir tələblərə cavab verəcək səviyyədə və ana dilimizdə Naxçıvan geologiyasını işıqlandırmaqdır. Bu da gələcək geoloqların daha bilikli yetişməsi üçün ən yaxşı vasitə olacaq".

Geotektonika və regional geologiya şöbəsinin rəhbəri onu da qeyd edib ki, bu toplu ilə paralel şəkildə Azərbaycanın geoloji ensiklopediyası da hazırlanır. 

Xatırladaq ki, nəşrin tərtibi ilə əlaqəli ümumi işlər 2012-ci ilin sentyabr ayından başlayıb və ekspedisiyaya qədər Naxçıvan ərazisində intişar tapmış süxurların stratiqrafiyası, litologiyası, maqmatizmi, tektonikası, geomorfologiyası, faydalı qazıntıları, yeraltı və yerüstü su ehtiyatları barədə məlumatlar toplanılıb və təhlil edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi