“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır Kitabların bu ilin sonunadək çapı nəzərdə tutulub
Elm və təhsil
12 İyul , 2017 17:23
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır

Bakı. 12 iyul. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar İşçi qrupunun görüşü olub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya elmlər doktoru Zakir Eminovun yaxından iştirak etdiyi görüşdə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyin ikinci cildinin fəsillər üzrə xronoloji ardıcıllıqla hazırlanan məqalələrə baxılıb. Yeni nəşrin elmi dəyərini daha da artıracaq əlavələr-şəkillər, xəritələr müzakirə edilib.

Qeyd edək ki, ilk dəfə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildində Naxçıvanın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilinə aid materiallar veriləcək. Belə ki, gişdən, 10 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq kitabda muxtar respublika əhalisinin təbii artım xüsusiyyətləri, məskunlaşma məsələləri, yaşayış məntəqələrinin funksional problemləri, intensiv baş verən dəyişikliklər ən yeni statistik məlumatlar öz əksini tapacaq. Eyni zamanda Naxçıvanda sənayenin, kənd təsərrüfatının, nəqliyyatın müstəqillik illərində inkişaf dinamikası barədə ətraflı məlumat veriləcək. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla ikinci cilddə geniş oxucu kütləsinə təqdim olunacaq.

Məlumat üçün onu da qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.

Kitabların bu ilin sonunadək çapı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi