Yuxarı

Milli Tarix Muzeyində "Saxsı oyuncaqlar" adlı kataloq hazırlanır

Kataloq üçün 248 ədəd saxsı oyuncaq seçilib

Bakı. 2 mart. REPORT.AZ/ Milli Tarix Muzeyinin Arxeologiya elmi fondu şöbəsində "Saxsı oyuncaqlar" adlı kataloq hazırlanır. Bu baradə “Report”a AMEA Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Belə ki, 2014-cü ildə ilkin olaraq müvafiq ədəbiyyatların toplanılması və kataloqa daxil ediləcək saxsı oyuncaqların seçilməsi yerinə yetirilib, artıq cari ildən onların annotasiyaları tərtib edilir. Hazırda çapa hazırlıq işləri yeni mərhələyə qədəm qoyub.

Ümumilikdə kataloq üçün 248 ədəd saxsı oyuncaq seçilib. Seçilmiş oyuncaqların mütləq əksəriyyəti 1946-1953-cü illərdə mərhum arxeoloq, tarix elmləri namizədi Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı əldə edilib. Mingəçevir saxsı oyuncaqları 2 və 3 nömrəli yaşayış yerlərinin I və II mədəni təbəqəsindən, cüzi miqdarda isə qəbirlərdən tapılıb. Bundan başqa, kataloqa Mollaisaqlı, Nərgizəva və digər abidələrdən tapılmış oyuncaqlar da daxil ediləcək.

Saxsı oyuncaqların müəyyən qismi olduqca kobud və eybəcər şəkildə hazırlanıb. Ehtimal olunur ki, bu oyuncaqların hazırlanmasında uşaqların özləri də yaxından iştirak edib. Seçilmiş saxsı oyuncaqların əksəriyyəti kiçik qab modellərindən, kiçik hissəsi isə şaxşaxılardan və zoomorf fiqurlardan ibarətdir. Saxsı oyuncaqların dövrünə gəldikdə, onlar III-VIII əsrləri təmsil edirlər.

Kataloqda daxil edilmiş hər bir saxsı oyuncağın annotasiyasında onların inventar nömrələri, tapıldıqları illər, məkanlar, tapan şəxslər, təsvirləri, ölçüləri və fotoları yer alacaq. Hazırda “Saxsı oyuncaqlar” kataloqunun 60 faiz mətni tərtib edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi