Bakı. 18 noyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən təhsil xərcləri üçün 1733,4 mln. manat vəsait ayrılıb.
“Report”un məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,4 faiz təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 0,5 faiz-bənd çoxdur.
Təhsil xərcləri üçün ayrılan vəsaitin 933,5 mln. manatı və ya 53,9 faizi ümumi təhsil xərclərinin, 551,0 mln. manatı və ya 31,8 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.), 137,8 mln. manatı və ya 7,9 faizi məktəbəqədər təhsil xərclərinin, 42,9 mln. manatı və ya 2,5 faizi orta ixtisas təhsili xərclərinin, 41,4 mln. manatı və ya 2,4 faizi ali təhsil xərclərinin (Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin maliyyə təminatı ilə bağlı xərclər), 23,1 mln. manatı və ya 1,3 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 mln. manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.
2017-ci ildə Naxçıvan Muxtar Respublikasında, habelə respublikanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsinin nəticələrinə əlavə 80,0 mln. manat vəsait proqnozlaşdırılıb.
Ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər üçün 2017-ci il dövlət büdcəsinin layihəsində 12,0 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb.
Dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlığının təşkili məqsədilə 2017-ci ildə dövlət büdcəsində 28,3 mln.manat məbləğdə vəsait proqnozlaşdırılıb.