Yuxarı

Müəllif Hüquqları Agentliyi: ​Azərbaycanda piratçılıqla mübarizədə yeni mərhələ başlayır

Agentlik işləri yekunlaşdırmaq ərəfəsindədir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Artıq bu ildən Azərbaycanda pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması məqsədilə əsərlərin, fonoqramların, kompüter proqramlarının və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq. Bu barədə "Report"a Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli bildirib.

O xatırladıb ki, piratçılıqla mübarizənin daha da gücləndirilməsi məqsədilə 2012-ci ildə layihəsi Agentlik tərəfindən hazırlanmış "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qəbul edilib: "Qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələnin başlanmasına qədəm qoyulub. İlk növbədə bu müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə münasibətdə nəzarət markalarının tətbiqi ilə bağlıdır. Artıq pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması məqsədilə əsərlərin, fonoqramların, kompüter proqramlarının və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq. Agentliyin apardığı təhlillərə və beynəlxalq təcrübəyə əsaslanaraq, demək olar ki, bu, piratçılıqla mübarizə sahəsində olduqca təsirli addımlardan biridir və piratçılığın səviyyəsinin düşməsinə gətirəcək". 

Şöbə müdirinin sözlərinə görə, nəzarət markalarının tətbiqi ilə əlaqədar Agentlik müvafiq işləri yekunlaşdırmaq ərəfəsindədir və bu prosesin 2015-ci il ərzində başlanması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi