Mikayıl Cabbarov: “Nüfuzlu peşəyə sahib olmağın yolu yalnız universitet bitirmək deyil”

Mikayıl Cabbarov: “Nüfuzlu peşəyə sahib olmağın yolu yalnız universitet bitirmək deyil” Təhsil naziri: ”İnsanlar tez-tez ixtisas dəyişməyə meyil göstərirlər”
Elm və təhsil
27 Dekabr , 2016 10:52
Mikayıl Cabbarov: “Nüfuzlu peşəyə sahib olmağın yolu yalnız universitet bitirmək deyil”
Mikayıl Cabbarov / Report

Bakı. 27 dekabr. REPORT.AZ/ “Təcrübəyə əsaslanıb deyə bilərik ki, insanlar tez-tez ixtisas dəyişməyə meyil göstərirlər. Peşə təhsili dedikdə adətən 9-11 sinifləri bitirən şagirdlər ağla gəlir. Lakin hazırda ikinci-üçüncü ixtisasa sahib olmaq istəyən orta yaşlı insanlar da peşə təhsili almaq üçün müraciət edirlər”.

”Report”un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil.TV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, hazırda peşə təhsil müəssislərinin böyük hissəsində məcburi köçkün və qaçqınlar məskunlaşıb. 

O qeyd edib ki, peşə təhsil sistemi bazar iqtidiyyatına uyğun olaraq yenidən qurulur: “Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, bu sahədə özəl sektorla əməkdaşlığı dərinləşdirəcəyik. Özəl sektorla əməkdaşlıq problemin həllinin bir hissəsidir. Amma bu da tam həll deyil”.

Nazirin sözlərinə görə, bir neçə aydan sonra Qəbələdə yeni kənd təsərrüfatı ixtisaslarının olacağı müasir peşə təhsil məktəbi açılacaq. M.Cabbarov vurğulayıb ki, peşə təhsili müəssisələrinin optimallaşdırılması işləri həyata keçirilib: “Bu yaxınlarda Gəncədə altı müəssisənin yerində iki müəssisə yaratdıq. Bakıda da eynilə 26 müəssisənin optimallaşdırılması nəticəsində daha az sayda geniş imkanları olan peşə mərkəzləri yaradılıb. Daha bir uğurumuz isə peşə təhsilinə qəbulu “ASAN xidmət” vasitəsi ilə keçirməyimiz oldu. Bu zaman 4000-dən çox təlimçi qəbul olundu. Onların 20 faizinin orta attestat qiymətləri 4 baldan yuxarı idi. Çünki adətən peşə təhsilinə gedənlər aşağı qiymət alır. Nüfuzlu peşəyə sahib olmağın yolu yalnız universitet bitirmək deyil. Peşə təhsili sahəsində layihələrin sayının artması nəzərdə tutulur. Hətta bu istiqamətdə bir çox işlər görülür”. 

Son xəbərlər

Orphus sistemi