Yuxarı

Mikayıl Cabbarov: "Bu günə qədər Azərbaycanda 2000-dən artıq vyetnamlı tələbə təhsil alıb"

Vyetnam Parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini Azərbaycanda təhsil almasından məmnun olduğunu bildirib

Bakı. 7 may. REPORT.AZ/ "Bu günə qədər Azərbaycanda 2000-dən artıq vyetnamlı tələbə təhsil alıb. Bu da Vyetnamla Azərbaycan arasındakı əlaqələrin güclü olmasından xəbər verir. İki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin xüsusi rolu olub". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün "ADA" Universitetində keçirilən "Azərbaycan-Vyetnam Dostluq Forumu"nun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bugünkü forum da ikitərəfli siyasi və digər sahələrdəki əməkdaşlığa birgə töhfə verəcək: "Hər iki dövlət inkişafa gedən yolda bir çox çətinliklərlə qarşılaşıb, lakin bunun öhdəsindən layiqincə gələ bilib. Hər iki dövlət xalqının sosial rifahının inkişafında təhsilə xüsusi diqqət yetirib".

Vyetnam Parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini Ngo Due Manh Azərbaycanda təhsil almasından məmnun olduğunu bildirib. O qeyd edib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir: "Vyetnam Azərbaycanı iqtisadi sahədə əlaqələri möhkəmləndirməyi əsas prioritet kimi qiymətləndirir".

Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü forumun keçirilməsinin əsas təşəbbüsçüsü olduğunu xatırladan N.D.Manh diqqətə çatdırıb ki, Vyetnam prezidenti gələn həftə Azərbaycana rəsmi səfərə gələcək.

Tədbirdə, həmçinin 1970-80-ci illərdə Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş vyetnamlılar da iştirak ediblər.

Tədbir forumla bağlı iştirakçıların çıxışı ilə davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi