Azərbaycanda ötən il məzunları magistraturaya ən çox qəbul olunan ali təhsil müəssisələrinin adları açıqlanıb.
“Report” xəbər verir ki, həmin məktəblərin adları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.
Belə ki, magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi
Dövlət Gömrük Komitəsinin Akademiyasının 16 nəfər məzunundan 13-ü, Bakı Ali NeftMəktəbinin 38 nəfər məzunundan 26-sı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hər 100 nəfər məzunundan 64-65-i, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər 100 nəfər məzunundan 62-63-ü, Azərbaycan Dövlət İqtisad Universitetinin hər 100 nəfər məzunundan 62-63-ü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 77 nəfər məzunundan 46-sı, Bakı Mühəndislik Universitetinin hər 100 nəfər məzunundan 59-60-ı magistraturaya qəbul olub.
Bundan başqa, ötən il ali təhsil müəssisələrinə qəbul olanların, orta hesabla, 46.03%-ni öz məzunları, 42.54%-ni Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin, 6.14%-ni regionlarda yerləşən dövlət ali təhsil müəssisələrinin, 5.00%-ni özəl ali təhsil müəssisələrinin, 0.29%-ni isə xarici ölkələrdəki ali təhsil müəssisələrinin məzunları təşkil edir. Qəbul olanların 63.58%-i cari ilin, 36.42%-i isə əvvəlki illərin məzunlarıdır.
Özəl universitetlərin məzunları ali təhsil müəssisələrinə qəbul olanların çox az hissəsini təşkil ediblər (cəmi 349 nəfər).