Yuxarı

Mərkəzi Nəbatat Bağında bağ qızılgüllərinin 1000-ə qədər növ, sort və formaları toplanıb

Sərgidə beynəlxalq standartlara uyğun 350-dən artıq qızılgül ekspozisiyası nümayiş etdirilib

Bakı. 25 may. REPORT.AZ/ Bu gün AMEA Mərkəzi Nəbatat Bağında "Qızılgül" sərgisinin açılış mərasimi keçirilib. 

AMEA-dan "Report"a verilən xəbərə görə, sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hislərini aşılamaq, o cümlədən qızılgül həvəskarlarını yeni sortlarla tanış etmək olub.

Botanika İnstitutunun direktoru Validə Əlizadə deyib ki, Mərkəzi Nəbatat Bağında 35 il ərzində dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı elmi-tədqiqat işləri aparılır: "Bu istiqamətdə aparılan işlərin nəticəsində Bağın qızılgül sahəsində müxtəlif qruplardan olan bağ qızılgüllərinin 1000-ə qədər növ, sort və formaları toplanıb".

AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qızılgül sortları ilə bağlı məlumat verən alim bildirib ki, yeni araşdırmalar, elmi-tədqiqat işləri nəticəsində qızılgüllərin tərkibi müxtəlif seleksiyalar üzrə təzələnir, yeni növlər əldə olunur.

Cənubi Qafqazda ən böyük qızılgül kolleksiyalarından birinin də məhz Mərkəzi Nəbatat Bağında yerləşdiyini vurğulayan AMEA rəhbəri bu kimi sərgilərin mütəmadi olaraq keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında beynəlxalq standartlara uyğun 350-dən artıq qızılgül ekspozisiyası nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi