Yuxarı

Mərakeş nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qonağı olub

Səfir Həsən Hami Art and Diplomacy adlı kitabı kitabxanaya hədiyyə edib

Bakı. 9 aprel. REPORT.AZ/ Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz və Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami Mərkəzi Elmi Kitabxananın (MEK) qonağı olublar.

Kitabxanadan "Report"a bildirilib ki, ilk öncə qonaqlar kitabxana ilə tanış olublar, onlara müəssisənin fəaliyyəti ilə bağlı məlumat verilib.

Sonra qonaqlar kitabxananın Şərq ədəbiyyatı və Nadir kitablar fondunda olublar. Nadir kitablar fondunun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar haqqında məlumat verib.

Görüşdə MEK-in direktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə danışıb. Direktor qeyd edib ki, hazırda AMEA-nın əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işi aparılır və 4 milyon kitabın köçürülməsi planlaşdırılıb.

Driss Khrouz isə öz növbəsində hər iki ölkənin islam cəmiyyətləri arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, təklif olunan istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə qurulması üçün rəhbərlik etdiyi kitabxananın hazır olduğunu bildirib. MEK-in fəaliyyət istiqamətlərinin Mərakeş Milli Kitabxanası üçün də maraqlı olduğunu vurğulayıb.

Sonda səfir Həsən Hami "Art and Diplomacy" adlı kitabı kitabxanaya hədiyyə edib. L.İmanova da öz növbəsində kitabxananın adından bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin partituralarını, Azərbaycan rəssam və memarlarının əsərlərinin toplularını, "Azərbaycan miniatürləri" və başqa kitabları qonaqlara hədiyyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi