Yuxarı

Məleykə Abbazsadə: “TQDK bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək”

“Bəzi adamlar TQDK-nı günahlandırmaq üçün fürsət gözləyir”

Bakı. 15 iyul. REPORT.AZ/ "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək". 

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sonda hansı qərarın qəbul ediləcəyi onlardan asılı olan iş deyil.

M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçıların sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki bu məsələlərlə bağlı çox düşünülmüş qərarlar qəbul olunacaq. Təbii ki, müəyyən sosial ədalət prinsipləri də nəzərə alınacaq və bəzi təbəqələrin imtahanlarda iştirak etmək üçün ayrı qiymət müəyyənləşdiriləcək. Burada müxtəlif təkliflər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların qiyməti da fərqlənəcək".

Onun sözlərinə görə, dövlət icra orqanı olaraq əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı: "Bunun təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən maliyyələşdirilməyəcək. Bizə sifariş verilən işlərin pulunu sifarişçi özü ödəməlidir. Məsələ ondadır ki, indiyə kimi keçirilən imtahanlarda hər bir abituriyentə ən kütləvi imtahanlarda dövlət orta hesabla 25 manat xərcləyirdi. Bu təbii qəbul olunurdu, çünki dövlət bu pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də var idi. Çünki imtahana yazılıb gəlməyənlərin sayı çox olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manatdır, Tükiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır".

Dövlət tərəfindən TQDK-ya sifariş verilən imtahanların buraxılış imtahanları olduğunu deyən sədr əlavə edib ki, IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq: "Qalan imtahanların keçirilməsini dövlət maliyyələşdirəcək ya yox, biz bunu bilmirik. Biz yalnız hər növ imtahanda hər bir iştirakçıya nə qədər pul xərcləndiyini hesablamışıq. Əgər dövlət həmin imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada keçirə bilərik? Bizim keçirdiyimiz imtahan dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki proqram təminatı əsasən TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı. Kənardan proqram təminatını sifariş vermirdik".

M.Abbaszadə deyib ki, hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaş qədər məvacib alırlar: "Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata alındıqdan sonra dövlət bizim işçilərə maaş verməyəcək. Bu ilin sonuna qədər TQDK-nın dövlət tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək. 2017-ci ilin yanvarın 1-dən isə dövlət bizim işçilərə maaş verməyəcək. Bizə sadəcə 1 milyon pul ödəniləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq".

O hesab edir ki, dövlət təhsil sahəsində böyük işlər görür: "Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. İndi də yəqin ki, müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Hansı ki, o imtahanlar məcburi deyil".

M.Abbaszadə bildirib ki, müəyyən adamlar TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər və son zamanlar komissiya ilə bağlı deyilənlər bunun tərkib hissəsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi