Yuxarı

“Məktəb müşavirləri xidməti” pilot layihəsi üzrə qeydiyyat davam edir

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək

Bakı. 29 avqust. REPORT.AZ/ “Məktəb müşavirləri xidməti” pilot layihəsi üzrə qeydiyyat davam edir.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, məktəb müşavirlərinin ilkin seçim mərhələsi “ASAN xidmət”də həyata keçiriləcək.

İlkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanılacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilmiş namizədlər məktəb müşavirləri təyin ediləcəklər.

Məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, layihə Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədi ilə yaradılıb.

“Məktəb müşavirləri xidməti” pilot layihəsində iştirak etmək üçün aşağıdakı müraciət anketi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: http://goo.gl/Ambd4d

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi