Bakı. 24 oktyabr. REPORT.AZ/ Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyevanın “Report”a müsahibəsi:
- Azərbaycanda “Sağlam Təhsil” sinifləri yaratmaq fikri necə yarandı?
- Sağlamlıq şəxsiyyətin hərtərəfli formalaşmasının bünövrəsini təşkil edir. Uşaqların sağlamlıq problemləri bu gün hər zamankından daha çox aktuallıq kəsb edir. Məktəblilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi çox vacib, eyni zamanda mürəkkəb və çoxşaxəli prosesdir. Onların sağlamlığının yaxşılaşdırılması yalnız təhsil mühitinin deyil, bütövlükdə cəmiyyətin sağlamlaşdırılması üçün seçilən ən perspektivli formadır. Bu səbəbdən məktəblilərin sağlamlığının qorunması məktəbin və müəllimin başlıca vəzifəsi olmaqla yanaşı, uşağın özünün və valideynin də bu məsələyə çox böyük məsuliyyət və həssaslıqla yanaşmasını tələb edir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, 2013-cü ildə Təhsil Nazirliyində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradıldı və 2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edildi. Nəticələrin təhlili ibtidai siniflərdə şagirdlərin 29%-nin, məktəbi bitirənlərin 45%-nin görmə problemləri olduğunu, yuxarı sinif şagirdlərinin 41%-nin məktəbi qamət problemləri ilə başa vurduğunu göstərdi. Əldə olunan nəticələrə əsasən, 2014-2015-ci dərs ilindən etibarən “Sağlam Təhsil-Sağlam Millət” layihəsini həyata keçirilməyə başladıq.
- Layihənin başlanmasından keçən 4 il ərzində hansı nailiyyətlər əldə olunub?
- “Sağlam Təhsil - Sağlam Millət” layihəsi tətbiq edilən 38 ümumtəhsil müəssisəsinin hər birində tibbi-gigiyenik, psixoloji, pedaqoji baxımdan iş aparılır. “Sağlam təhsil” siniflərində yaradılan sağlam mühit – uşaqların fizioloji xüsusiyyətlərinə uyğun olan mebel və digər avadanlığın istifadəsi, sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallıq, gigiyenik normativlərə uyğun işıqlanma, hər bir şagirdin fiziki-psixi-sosial vəziyyəti nəzərə alınmaqla qurulmuş təlim prosesi təhsilalanların fiziki və psixoloji inkişafınа müsbət təsir göstərərək, onların sosiallaşması, təlim nailiyyətlərinin yüksəldilməsi və yaradıcılıq bacarıqlarının inkişafı üçün münbit şərait yaradıb. Layihə siniflərində keçirilən tibbi monitorinqlər bu siniflərdə tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb.
- İndiyə kimi layihədən neçə məktəbli faydalanıb?
- Gigiyenik standartlara uyğun olaraq, hər şagirdə 2-2.5 kvadratmetr sahə ayrılır. Buna görə də sinif sahəsindən asılı olaraq, “Sağlam təhsil” siniflərində 18 və ya 24 şagird təhsil alır. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.
- Layihə nə üçün məhz ibtidai siniflərdə tətbiq edilir?
- Təlim prosesi uşaqların cinsi, fərdi və yaş xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilir. Bildiyiniz kimi, 6-10 yaş uşaqların fiziki, psixi inkişafında ən mühüm mərhələni təşkil edir. Məhz bu yaşda qoyulan sağlam bünövrə şagirdlərin sonrakı həyatında ciddi təsirə malikdir. Bir qayda olaraq sağlamlıq problemi olan uşaqlar təlim və öyrənmə prosesində çətinlik çəkir ki, bu da bir çox hallarda onlarda uşaq yaşlardan etibarən müxtəlif problemlərin yaranması ilə nəticələnir. Təhsilin məzmunu, tətbiq edilən innovativ yanaşmalar, müstəqil işləmə bacarıqlarının formalaşması məqsədilə seçilən metodlar və müəllimin ünsiyyəti uşaqlarda əlavə gərginlik yaratmamalı, lazımsız yüklənmə nəticədə onların sağlamlığının və davranışının formalaşmasına mənfi təsir göstərməməlidir. Bunun üçün məhz ibtidai təhsil səviyyəsində təlimin təşkili prosesində uşaqların psixofizioloji xüsusiyyətləri nəzərə alınmalı, zehni və fiziki aktivliyin onların davranışına və təlim nəticələrinin yüksəlməsinə müsbət təsir göstərdiyi vacib amil kimi diqqətdə saxlanılmalıdır. Bu mənada öyrədici mühitin məqsədəmüvafiqliyi xüsusi əhəmiyyət kəsb edir. “Sağlam təhsil” siniflərində 4 il ərzində şagirdlərə aşılanan sağlam vərdişlər sonrakı təhsil pillələrində də onları sağlamlıqlarına qayğı ilə yanaşmağı, davamlı olaraq onu qorumağı tərbiyə etməklə yanaşı, öyrənmə prosesinə olan marağın davamlılığını da təmin edir. Belə ki, uşaqların fəaliyyətinin müsbət aktivlik və dinamika ilə müşaiyyət edilməsi təlim-tərbiyə prosesinin effektibliyini artırır.
- Layihənin digər təhsil pillələrində tətbiqi nəzərdə tutulubmu?
- Bu dərs ilində layihə məktəbəhazırlıq mərhələsində də fəaliyyətə başlayıb. Hazırda Bakı şəhəri üzrə 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil edilib. Ümumiyyətlə, layihənin əhatə dairəsi hər il genişlənməkdədir. 2018-2019-cu tədris ilində layihə 39 məktəbin 182 sinfini əhatə edir. Layihənin ibtidai təhsil səviyyəsindən sonrakı mərhələlərə tətbiqi məsələsinə gəldikdə isə bildirmək istərdim ki, monitorinq nəticələrinin, eyni zamanda layihə çərçivəsində əldə olunan təcrübələrin təhlili aparılır. Təhlillərin aparılması üçün Təhsil İnstitutunun, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri cəlb olunub.