Yuxarı

“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda IV təlim konfransı keçirilib

Rektor: “Magistratura səviyyəsində təhsil alan gənclər müəyyən problemlər yaşayırlar”

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib. “Report” xəbər verir ki, təlim konfransında KİV redaktorları, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak edirlər.

ADNSU-nun rektoru Mustafa Babanlı çıxışında bildirib ki, təhsil işçiləri daim mediayaya açıq olmalıdır: “Mediasız cəmiyyətdə baş verən proseslərə münasibət bildirmək mümkün deyil. Ona görə də hər hansı məlumatı yazmamışdan öncə aidiyyəti orqanın mətbuat xidmətlərinin rəhbərləri ilə əlaqə saxlamaq daha məqsədəuyğundur. Xatırladım ki, bizim təhsil ocağının mətbuat xidməti 24 saat fəaliyyət göstərir. İstənilən məsələ ilə bağlı daim əlaqə saxlamaq olar”.

O deyib ki, magistratura səviyyəsində təhsil alan gənclər müəyyən problemlər yaşayırlar: “Nazirliyə təklif də etmişəm ki, həmin gənclərin təhsillərini axşama keçirək. Çünki gənclərin əksəriyyəti işləyirlər. Ona görə də təhsillə sənayenin sintezi olmalıdır”.

Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, medianın rolu təhsildə də önəmlidir: “Nazirliyin media ilə iş strategiyasını yüksək qiymətləndirirəm. İnanıram ki, medianın köməkliyi ilə təhsildə olan problemlərin qarşısının alınması istiqamətində uğurlar əldə ediləcək. Həmin problemlərin kökündə də cəmiyyət durur”.

Təlim konfransında Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın “Daxili kommunikasiya və sosial şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili PR - təşkilat daxili yazışmaların aparılması”, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun “Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinlənilib.

Konfransda çıxış edənlər media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, bu təlim konfransı Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi