Yuxarı

Media nümayəndələri AzTU-da imtahanların gedişini izləyiblər

Rektor: Əyani təhsil alan tələbələrin 467 nəfəri imtahanlara buraxılmayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. "Report" xəbər verir ki, mediaturda təhsil ekspertləri və 20-dən çox KİV nümayəndəsi iştirak edib.

Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.

AzTU-nun rektoru, professor Havar Məmmədovun sözlərinə görə, universitetdə 9 mindən çox tələbə təhsil alır: "Onlardan 8 minə yaxını əyani şöbədə təhsil alır. Onlardan 7 392 nəfər bakalavriat, 432 nəfər magistratura səviyyəsində oxuyur. Bu sessiyada əyani təhsil alan tələbələrin 467 nəfəri imtahanlara buraxılmayıb".

O bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: "Bakalavrların 1 fakültəsi - "Xüsusi texnika və texnologiya fakültəsi" ixtisar olmaqla, hamısı test üsulu ilə imtahan verir. Universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal hamin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin Elektron Portalında yerləşdirilir".

Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Bu imtahan sessiyasında Komissiyaya 10 nəfər tələbə ballarının artırılması məqsədilə müraciət edib. Onlardan beşinin müraciəti təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir".

H.Məmmədov bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait yaradılır: "İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi