Yuxarı

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur

Bakı. 22 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının II mərhələsini keçirəcək. 

TQDK-dan "Report"a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi"nimütləq özləri ilə gətirməlidirlər. Qeyd olunan sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qeyd edək ki, qəbul imtahanının II mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.         

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi