“İzahlı dilçilik terminləri lüğəti"nin tərtibçiləri plagiat iddialarına münasibət bildiriblər

“İzahlı dilçilik terminləri lüğəti"nin tərtibçiləri plagiat iddialarına münasibət bildiriblər “İzahlı dilçilik terminləri lüğətinin tərtibçiləri lüğətin plagiat olması barədə iddialara münasibət bildiriblər.
Elm və təhsil
12 Aprel , 2019 14:12
“İzahlı dilçilik terminləri lüğətinin tərtibçiləri plagiat iddialarına münasibət bildiriblər

“İzahlı dilçilik terminləri lüğəti"nin tərtibçiləri lüğətin plagiat olması barədə iddialara münasibət bildiriblər.

“Report” professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın hazırladığı cavab yazısını təqdim edir:

Elm və texnikanın ayrı-ayrı sahələrinə aid terminlərin sistemə salınmasında, onların dəqiqləşdirilməsində terminoloji lüğətlərin mühüm rolu vardır. Azərbaycan dilində lüğətlər olmadan elmi-texniki, ictimai-siyasi terminləri sistemləşdirmək və təkmilləşdirmək qeyri-mümkündür. Terminoloji lüğətlərin əhəmiyyəti müxtəlif sahələrdə çalışan mütəxəssislərin ehtiyaclarını ödəməklə məhdudlaşmır, eyni zamanda filoloji lüğətlərin, xüsusən də izahlı lüğətlərin terminoloji sözlüyünün yaradılması üçün əsas bazadır. Bu lüğətlərin tərtibində terminlərin toplanması, verilməsi prinsipləri mühüm əhəmiyyət kəsb edir. Terminlərin ifadə etdikləri anlayışlar sistemi üzrə yerləşdirildiyi siyahı terminoloji lüğətlərin sözlüyünü təşkil edir. "Sözlük" dedikdə, bu və ya digər lüğət növü üçün toplanmış sözlərin məcmusu nəzərdə tutulur.

Dilçiliklə bağlı tədqiqatlarda qeyd edildiyi kimi terminoloji lüğətlərin sözlüyünün hazırlanmasında iki şərt əsasdır:

1) əvvəllər nəşr edilmiş müvafiq terminoloji lüğətlərin sözlüyünün yenidən tənqidi surətdə nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;

2) orijinal mətnlərin, dərsliklərin, elmin ayrı-ayrı sahələrinə dair yazılmış əsərlərdən lazımi terminlərin seçilib sistemə salınması. Bu prinsiplərdən istifadə edilərək bir sıra dilçilik terminləri lüğəti nəşr edilmişdir.

XX əsrin əvvəllərində SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu tərəfindən nəşr edilmiş “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” (1939-cu ildə D. Quliyev tərəfindən) tərtib edilmişdir.

1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti”də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər.

1989-cu ildə “İzahlı dilçilik terminləri” sorğu lüğəti çapdan çıxmışdır (müəlliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəmməli olan bu lüğətdə ali və orta məktəb dərslikləri, dərs vəsaitlərində işlənən sabitləşmiş təxminən 1600 termin əhatə olunmuşdur.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və dilçilik laboratoriyasında F.Veysəllinin redaktorluğu ilə hazırlanan “Dilçilik ensiklopediyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız, Azərbaycan dillərində qarşılığı verilmiş, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə terminlərin izahı verilmişdir. Bu lüğət tərtib prinsipinə görə çoxdilli izahlı terminoloji lüğətdir.

Dilçilikdə yeni istiqamət və sahələrə münasibət, şübhəsiz ki, aparılan tədqiqat işlərindən asılı olaraq formalaşır. Hər şeydən əvvəl qeyd edək ki, hazırda mətn dilçiliyi, diskurs təhlili, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və paralinqvistikaya dair araşdırmalar gedir. Hazırda dilçiliyin müxtəlif sahələri ilə bağlı aparılan tədqiqatlar da lüğətin tərtibi üçün zəmin hazırlamışdır. Bu nəzərə alınaraq 2018-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərəfindən tərtib olunan “İzahlı dilçilik terminləri lüğəti”ndə 7500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilmişdir. Lüğət tərtib olunan zaman dilçiliklə bağlı tərtib olunmuş bütün lüğətlərdən, fundamental elmi əsərlərdən mənbə kimi istifadə edilmişdir. Lüğətin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı verilmişdir. Yeri gəlmişkən nəzərinizə çatdırırıq ki, “plagiatlıq” etdiyimiz deyilən, “İzahlı dilçilik terminləri” lüğətinin ön sözündə müəlliflər (M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva) haqlı olaraq və əsl tədqiqatçı kimi yazmışlar ki: “Şübhəsiz, gələcəkdə dilçilik terminlərinin geniş şərhini verən akademik lüğətin yaranmasında bu vəsaitin də az-çox köməyi olacaqdır” Bizim tərtib etdiyimiz lüğətdə digərləri ilə yanaşı bu lüğətdən bir mənbə kimi istifadə edilmişdir.

Mütəxəssislərə məlum olduğu kimi, lüğətçilik dilçiliyin tətbiqi sahəsinə aiddir və lüğətlərin tərtibində əsas məqsəd terminlərin bir sistem kimi vahid mənbədə toplanmasıdır. Bütün lüğətlər, Xüsusilə terminoloji lüğətlər müəyyən elm sahələri üzrə məlumat xarakteri daşıyır. Belə nəşrlər elmi yeniliyə iddia etmir və hər hansı elmi dərəcə almaq üçün dissertasiyaların tərkib hissəsi deyildir. Bizlər isə özümüzü müəllif yox, tərtibçi hesab edir və bu müvafiq qaydada lüğətin ön sözündə qeyd edilmişdir.

Tədqiqatçılar hər hansı bir elm sahəsində yazılan bütün kitabları eyni zamanda istifadə etməyin mümkünsüz və ya çox çətin olduğunu yaxşı bilir. Terminoloji lüğətlərin böyük əhəmiyyətini şərtləndirən məqamların biri də məhz bu amildir. Nəzərə almaq vacibdir ki, elmi dilin stabilliyi və anlaşıqlığı, dildə anlayışların vahid terminlərlə və adekvat izahla ifadə edilməsi ilə ölçülür. Elmi anlayışın eyni terminlə ifadəsi, yaxud terminin vahid tərifinin olması elmi dil üçün olduqca zəruridir. Unifikasiya adlanan bu proses isə zamanla baş verir və əksəriyyət tərəfindən qəbul edilmiş termin o anlayışın ifadə vasitəsinə çevrilir. Məsələn, “isim əşyanın adını bildirir və kim? nə? hara? suallarına cavab verir” fikri bütün dilçi alimlər tərəfindən qəbul edilmiş faktdır və dərsliklərdə, lüğətlərdə də bu şəkildə öz əksini tapıb. Yaxud da dodaqlanan saitlər, dodaqlanmayan saitlər, cingiltili, kar samitlər dərsliklərdə necə verilirsə, lüğətlərdə də o şəkildə verilir. Bu baxımdan müəyyən elm sahəsi üzrə tərtib olunmuş lüğətlərdə eyni elmi anlayışlara və elmi izahlara rast gəlmək mümkündür. Bunu dəyişmək və ya başqa şəkildə izah etmək düzgün olmaz. Yeni lüğətin tərtibində əvvəlki mənbələrdən istifadə edilməklə yanaşı adı çəkilən lüğətlərdə olmayan 4200 termin toplanıb izahı verilmişdir.

Çox təəssüflə qeyd etmək istərdik ki, Son zamanlar bəzi elektron nəşrlərdə, iki illik zəhmətimizin bəhrəsi olan tərtib etdiyimiz lüğət haqqında, qarayaxma ilə məşğul olan və bu işi “peşəyə” çevirmiş, elmi camiyyədə “məşhur” olan qeyri-peşəkar “mütəxəssis” tərəfindən düzgün olmayan fikirlər tirajlanır. Məsələnin mahiyyəti və incəliyindən xəbərsiz olan, bir qrup şəxslər isə “elm patriotuna” çevrilərək bizi 37-ci il havası ilə günahlandırmağa çalışır və dolayısı ilə “qarayaxmaçılığı” sanki stimullaşdırırlar. Bunları nəzərə alaraq diqqətə çatdırmaq istərdik ki, uzun illər bu sahədə məşğul olan biz tərtibçilər, “İzahlı dilçilik terminləri lüğəti”ni tərtib edərkən, işçi və açıq müzakirələrində iştirak etməklə öz töhfələrini vermiş dəyərli elmi adamlarının əsaslı mülahizələri ilə yanaşı, bu günə qədər mövcud olan bütün müvafiq dilçilik lüğətlərindən yararlanmış və lüğətin tərtib prinsipinə əsasən əsərin sonunda bunu qeyd etmişik. Lüğətlərdən istifadə, son nəticədə plagiatlıq deyil, mənbədən yararlanma səviyyəsini əks etdirir. F. Veysəllinin redaktorluğu və müəllifliyi ilə nəşr edilən lüğəti ilə yanaşı müəllifin “Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri (Bakı. Mütərcim. 2015); “Dilçiliyin əsasları (Bakı. Mütərcim. 2013) kitablarından, eyni zamanda akademik A.Axundovun, akademik K.Abdullayevin, M.Hüseynzadənin, Ə.Dəmirçizadənin, Q.Kazımovun qrammatika kitablarında, eləcə də Z.Korkmazın, O.S.Axmanovanın, T.B.Jerebilonun, D.E.Rozental, M.A.Telenkovanın lüğətlərində verilən terminlər və onların tərifləri lüğətə daxil edilmişdir. Lüğət tərtib edilən zaman terminlər toplanıb, sistemli şəkildə izahı verilmişdir. Ona görə də lüğət tərtib edilir, onu tərtib edənlər isə tərtibçi adlanır. Bu isə plagiatlıq deyil. Plagiatlıq elmi ideyaların, elmi fikirlərin oğurlanması deməkdir.

İzahlı terminlər lüğətində plagiatlıq axtaranlar lüğət tərtib etmə prinsiplərini öyrənib, sonra bu barədə fikir yürütməlidir. Əgər “rəyçilərin” məntiqi ilə yanaşsaq, onda gərək, ölkəmizdə ötən əsrin ortalarından başlayaraq tərtib olunan Orfoqrafiya lüğətlərinin müəllifləri dünyasını dəyişsə də həmin sözlərin lüğətdə qalmasını, yaxud bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dilinin izahlı lüğəti”ndə öz əksini tapmış terminlərin izahını plagiat olaraq qəbul edək. Digər elm sahələrində nəzərə alsaq onda gərək, eramızdan əvvəlki bir neçə min illik tarixdə qalanların hamısını bütün əsərlərimizdə qeyd edək. Məsələyə elmi yanaşmada bu, plagiatlıq deyil, lüğətçilikdə qəbul edilmiş əsas prinsiplərin realizasiyasıdır.

Lüğətin nəşri prosesinə gəldikdə isə onu qeyd etməliyik ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan lüğətin nəşrdən əvvəl İnstitutda geniş müzakirəsi olmuş və indi məsələni “geniş araşdıracağını” vəd edən İ.Abbasov həmin müzakirələrdə iştirak edərək Elmi Şuranın üzvü kimi nəşrin lehinə səs vermişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunda, türk və qazaxıstanlı həmkarlarımızla da lüğət haqda geniş fikir mübadiləmiz olmuşdur. Bütün bu proses ərzində bizə irad və təkliflərini bildirən şəxslərin qeydləri nəzərə alınmışdır. Lüğət 5 yanvar 2018-ci ildə nəşr olunub. Lakin, son bir həftədir məqsədli şəkildə həyata keçirilən, Dilçilik İnstitutundakı məlum “qaranlıq” mənbəyə istinad edilən və əslində (bizdən əvvəl də elmi müzakirələrdə yox, qəzet səhifələri və sosial şəbəkələrdə bir çox nüfuzlu şəxslərin dərslik və əsərlərini qərəzli şəkildə plagiat kimi hallandıran, o cümlədən akademik Vasim Məmmədəliyev, professor Fəxrəddin Veysəllinin əsərini) bir nəfərin yazısının tirajlanması ilə saxta ajiotaj yaradan bu şəxslərə cavab olaraq demək istərdik ki, biz illərdir bu sahədə fəaliyyət göstərən lüğətçilər olaraq yazılan xəbərləri qərəzli, qəsdən qurulmuş, ucuz bir oyun kimi qəbul edirik.

Biz isə hesab edirik ki, Azərbaycan dilçilik elminə belə bir lüğət təqdim etməyin qürur və şərəfinə bu məqsədli və qərəzli fikirlər kölgə sala bilməyəcək. Bizdən sonrakı tədqiqatçıların, bu lüğətdən də istifadə edərək daha sanballı akademik lüğətlər tərtib edəcəyinə inanırıq.

P.S.

1. Bütün deyilənlərdən əlavə qeyd etmək istərdik: Nəzərə almaq vacibdir ki, sözügedən lüğət dilçilik ensiklopediyası deyil, Dilçilik terminləri lüğətidir. Bu vacib məqamdır. Belə ki, Terminlər ,təkmənalıdır, vahid tərifi yaranır və işləndiyi sahədə vahid məna daşıyır. Onlara yeni izah verilməsi həmin terminin mahiyyətinin dəyişməsinə gətirib çıxarır. Terminin tərifi anlayışın əsas əlamətlərinə əsaslanır. Necə ki, riyaziyyatda kub, romb, paraleloqram terminlərinin tərifi sabitləşib, bütün dərsliklərdə, elmi əsərlərdə olduğu kimi verilir. Məgər heca, vurğu, cümlə və s. yüzlərlə terminə hər terminoloji lüğətdə bir tərif verilir. Terminoloji lüğətdə termin yaradılmır, hər hansı bir elm sahəsində olan definitivləşmiş terminlər toplanılır. Terminlərin sözün bütün mənalarında müəllifi, onu ilk dəfə ifadə edənlərdir. Bu məntiqlə termininin müəllifliyinə hüquqi iddiası əsaslı olanları tapmaq üçün bəzi hallarda daha qədim mənbələrə müraciət edilməlidir. Bizə örnək göstərilən müəlliflər öz növbəsində daha əvvəlki kitablardan istifadə ediblər.

2. Maraqlı bir məqam isə ondan ibarətdir ki, “rəy” yazanlar, bizim istifadə etdiyimiz və elmi etikaya müvafiq qaydada istinad etdiyimiz, əvvəlki lüğətlərlə faktiki olaraq heç bir elmi və mülkiyyət hüququ baxımından bağlı olmayan bir-iki nəfərdir. Başqa sözlə, şəxsi qərəzlik amili aydın görünür. Heç olmasa tarixdən dərs alın.... Təəssüf doğuran daha bir məqam ucuz sensasiyaya qaçaraq müəlliflərin fikirlərini öyrənmədən belə çızma-qaraları səxavətlə və dəfələrlə nəşr edilməsidir.

3. Lüğətin ön sözünün sonunda qeyd olunan bir fikrimizi yenə də təkrar etməyi məqsədəmüvafiq sayırıq: ”İzahlı dilçilik terminləri lüğəti”ndə mübahisə doğuracaq məqamların mövcudluğunu istisna etmirik. Buna görə də lüğətlə bağlı irad və təkliflərinizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya Şöbəsinə (Sosial şəbəkələr və saytlara yox) bildirəcək mütəxəssislərə əvvəlcədən təşəkkür edirik.

Son xəbərlər

Orphus sistemi