Yuxarı

Azərbaycanın ali məktəblərindən birində London İqtisadiyyat Məktəbinin diplomunu almaq mümkün olacaq

ADİU ilə Oxbridge Educational Services təşkilatı arasında razılaşma memorandumu imzalanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Oxbridge Educational Services (OES) təşkilatı arasında razılaşma memorandumunun imzalanması mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ADİU-nun rektoru Ədalət Muradov və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov layihənin Azərbaycan tələbələrinin dünya əmək bazarında rəqabət qabiliyyətli kadr kimi hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "ADİU dünyanın qabaqcıl universiteti hesab olunan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq tədris və təlim xidmətləri sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan "Pearson" şirkətinin Oxbridge Educational Services (OES) təşkilatının dəstəyi ilə həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək".

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartların adaptasiyası istiqamətində atdığı addımları yüksək qiymətləndirdiyini vurğulayıb. O bu istiqamətdə həyata keçirilən layihələrin Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyi bildirilib.

OES təşkilatının rəhbəri Keyt Şarp məruzəsində London İqtisadiyyat Məktəbindəki tədris prosesi və gələcək perspektivlər barədə danışıb. Keyt Şarp razılaşmanın təfərrüatlarını da açıqlayıb.

Memoranduma əsasən, 3 illik proqrama qoşulacaq azərbaycanlı tələbələr ADİU-da təhsil alaraq, London İqtisadiyyat Məktəbinin Humanitar və Sosial Elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək imkanı qazanacaq. Proqram çərçivəsində Mühasibat və Maliyyə (BSc Accounting and Finance), Biznes və Menecment (BSc Business and Management), İqtisadiyyat (BSc Economics), İqtisadiyyat və Maliyyə (BSc Economics and Finance), İqtisadiyyat və Menecment (BSc Economics and Management) ixtisasları üzrə bakalavr dərəcəsi verilməsi nəzərdə tutulub. LSE-nin mövcud kurikulumuna uyğun olaraq, ADİU-da hər il 4 fənn olmaqla 3 il ərzində 12 əsas fənn tədris olunacaq.

Sonda memorandum sənədi ADİU-nun rektoru Ədalət Muradov və Oxbridge Educational Services təşkilatının rəhbəri Keyt Şarp tərəfindən imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi