Yuxarı

Lənkəranda Beynəlxalq elmi konfrans keçirilir - FOTO

Lənkəranda Beynəlxalq elmi konfrans keçirilir - FOTO
Konfransda 15 ölkədən 60-a yaxın alim iştirak edir
© Report.az

Lənkəran. 24 aprel. REPORT.AZ/ Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda 15 ölkədən 60-a yaxın alim, eləcə də Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Qazaxıstan, Hindistan, Rusiya Federasiyasından Tatarıstan, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey, Çeçenistan və digər ölkələrdən gəlmiş tədqiqatçılar, həmçinin Azərbaycan Respublikasından isə 75 nəfər tarixçi-alim iştirak edir. 

Üç gün davam edəcək Beynəlxalq Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Elmi konfransı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq konfrans iştirakçılarını salamlayıb. O, Beynəlxalq Lənkəran konfransının mühüm tarixi əhəmiyyət daşıdığını söyləyib. Lənkəranda 1918-ci ildə törədilmiş soyqırımı vəhşiliklərini xatırladıb.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Prezident İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub. Konfransda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib.

Tarixçi-alim Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır: “Bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.

Konfransın təşkilatçılarından biri olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı, professor Mehmet Ali Beyhan Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edib və iki elmi qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib. O, bu dəfəki soyqırımı konfransının həmin konfransda iştirak edən xarici ölkə alimlərinin sayına və müzakirə edilən məruzələrə görə xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Konfrans plenar iclaslarda məruzələrlə davam etdirilir.

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” probleminə həsr olunmuş IV Beynəlxalq Lənkəran konfransında son 200 il ərzində böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli surətdə yeridilmiş olan soyqırımları, deportasiyalar, repressiyalar siyasəti və bunun fəlakətli nəticələri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi