Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilib

Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilib Yarmarkaya 27 dövlət və özəl müəssisə 140 boş iş yeri çıxarıb
Elm və təhsil
29 May , 2017 13:26
Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilib

Bakı. 29 may. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2017” proqramı çərşivəsində açıq qapı günü və əmək yarmarkası keçirilib. 

Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

Açıq qapı günündə rayon rəsmiləri, LDU-nun bu ilki məzunları,valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. Universitetin rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov bu elm ocağı barədə ətraflı məlumat verib, tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxxəssislərin hazırlanması istiqamətində son bir ildə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən N.İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu deyib, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, Lənkəran rayon məşğulluq mərkəzinin direktoru Rahib Quliyev, Bakı Biznes tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov və başqaları çıxışlarında tədbirin böyük əhəmiyyətindən bəhs edərək təklif və rəylərini bildiriblər.

Əmək yarmarkasına təkcə Lənkəranda yox, umumiyyətlə, cənub bölgəsində fəaliyyət göstərən 27 dövlət və özəl müəssisə 140 boş (vakant ) iş yeri çıxarıb.Təklif olunan boş (vakant )yerlərə bu ilki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.

Tədbir iştirakçıları belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə təşkilatçılara öz təşəkkürünü bildiriblər.

Qeyd edək ki,bu, LDU-da təşkil olunan ilk açıq qapı günü və əmək yarmarkasıdır.

Son xəbərlər

Orphus sistemi