Yuxarı

Dövlət qulluğuna qəbul üçün yeni müsabiqə elan edilib

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarındadır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.

Komissiyadan "Report"a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 7-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərin 100 test tapşırığını yerinə yetirməsi nəzərdə tutulub.

İmtahanda dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olanlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı sentyabrın 18-dən oktyabrın 17-dək komissiyayanın rəsmi internet səhifəsində qeydiyyatdan keçərək doldurmalıdırlar.

Qeyd edək ki, sentyabrın 16-dan “ASAN xidmət”ə qəbulla bağlı müsabiqənin test imtahanları keçirilir. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 772 namizəddən hazırki göstəricilərə görə 254 nəfər test imtahanında iştirak edib. Onlardan 43-ü müsabiqədə uğur qazanıb,189 nəfər test imtahanına gəlməyib. “ASAN xidmət”ə qəbulla bağlı test imtahanları sentyabrın 21-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi