Yuxarı

IT STEP Akademiyası ictimaiyyətə təqdim olunub - FOTO

Akademiyada təhsil əsasən ödənişli əsaslarla olacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP Akademiyası açılışdan sonra ictimaiyyətə təqdim olunub.

"Report"un məlumatına görə, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, IT STEP Akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var: "Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir".

Nazirlik rəsmisi qeyd edib ki, Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2 100 şəxs təhsil ala bilər: "Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Bundan başqa, 2018-ci ilədək bu say maksimuma çatdırılacaq".

O, həmçinin əlavə edib ki, akademiyada təhsil əsasən ödənişli əsaslarla olacaq: "Lakin qarşılıqlı danışıqlara görə, peşə təhsili sistemində oxuyanların bir qismi pulsuz təhsil almaq imkanına sahib olacaqlar. Təxminən 200 nəfərdən 15-i pulsuz oxuyacaq. Tədris prosesi isə nəzərdə tutulan qrup sayı tamamlananda başlayacaq".

Qeyd edək ki, akademiyada 17 kompyuter sinifi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi