Yuxarı

​BSU-da ilk Avropa Oyunlarında fəal iştirak etmiş tələbələrlə görüş keçirilib

Universitetin yeddi tələbəsi təltif olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) "Bakı-2015" I Avropa Oyunlarında fəal iştirak etmiş tələbələrlə görüş keçirilib.

BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, universitetin rektoru, professor Asif Hacıyev Avropa Oyunlarının tarixi və milli əhəmiyyətini, bu Oyunların ölkənin dünya miqyasında böyük uğuru olmasını qeyd edib. Rektor Prezident İlham Əliyevin və Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gənclərə göstərdiyi qayğıdan və Oyunlarda könüllülərin fəaliyyətinin onların bir vətəndaş, mütəxəssis kimi formalaşmasında böyük əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Birinci Avropa Oyunlarında BSU-nun 1077 tələbəsi 215 istiqamət üzrə fəal iştirak edib. Rektor könüllülərə təşəkkürünü bildirib və onların Birinci Avropa Oyunları zamanı qazandıqları təcrübədən universitetdəki ictimai işlərdə, ümumən gələcək fəaliyyətlərində uğurla istifadə edəcəklərinə əmin olduğunu söyləyib.

Görüşdə könüllülər öz fəaliyyətləri haqqında danışıb, ilk Avropa Oyunları barədə xatirələrini və təəssüratlarını bölüşüblər.

BSU-nun rektoru “Təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdiyi uğurlu fəaliyyətə” görə universitetin yeddi tələbəsinə gənclər və idman naziri Azad Rəhimovun və ATGTİ-nin sədri Şahin İsmayılovun imzası ilə təltif edildikləri diplomları təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi