Yuxarı

​II Beynəlxalq multikulturalizm yay məktəbinə hazırlıq işləri başa çatıb

Yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, İsmayıllı, Şəki və Qaxda fəaliyyət göstərəcək

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə iyulun 18-27-də keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq multikulturalizm yay məktəbi ilə bağlı son hazırlıq işləri yekunlaşıb.

Bu barədə "Report"a BBMM-nin mətbuat xidmətindən məlumat verilib.

BBMM-də keçirilən toplantıda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi - Azərbaycanı dünyada tanıtmaq hədəfini özünün prioritet istiqaməti elan edib. O bildirib ki, Mərkəz 18- 27 iyul tarixlərində ikinci beynəlxalq yay məktəbini keçirmək üçün artıq son hazırlıq işlərini başa çatdırıb.

Dövlət müşaviri Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə artıq Azərbaycana olan maraq məhəbbətə çevrilib.

Yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 16 universitetindən 38 tələbə, Azərbaycanın 12 universitetindən 19 tələbə iştirak edəcək.

II Beynəlxalq multikulturalizm yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, İsmayıllı, Şəki və Qaxda fəaliyyət göstərəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi