Yuxarı

İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq Sazişi imzalanıb

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri davam edir

Bakı. 24 iyun. REPORT.AZ/ AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri davam edir.

AMEA-dan "Report"a verilən məlumata görə, İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və İdarə Heyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycanda təmsilçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, səfirliyin birinci katibi Erkin Heydərli, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyada təmsilçisi Sandro Teti, CNR-in prezidenti, professor Massimo İnquskio, CNR-ın Yer Elmləri Departamentinin direktoru, professor Enriko Boldrini, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante və İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti, xanım Manuela Traldi iştirak ediblər.

Məqsəd CNR ilə AMEA arasında mövcud olan elmi əməkdaşlıq Sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin müzakirəsi idi. Müzakirələr zamanı, İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Akademik Akif Əlizadə müasir çağırışları özündə əks etdirən, AMEA-nın elmi prioritet istiqamətləri üzrə (kök hüceyrələr “stem cells”, InSAR peyk texnologiyasının Azərbaycanın Yer elminə geniş tətbiqi və s.) layihələrin genişləndirilməsinin zəruriliyini qeyd edib, AMEA-nın Yer Elmləri Bölməsinə müvafiq tapşırıqlarını verib.

Elmi əməkdaşlıq Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və CNR-in prezidenti, professor Massimo İnquskio, Əməkdaşlıq proqramı isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante arasında imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi