Yuxarı

İnternat məktəbində Novruz şənliyi keçirilib - FOTO

Tədris ilinin birinci yarımilində fərqlənən şagirdlərə Fəxri fərmanlar və Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri verilib

Bakı. 14 mart. REPORT.AZ/ Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu gün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. "Report"un məlumatına görə, nazirliyin əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik Novruz bayramının simvolu Bahar qızın faytonla gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər.

Bayram tədbirində şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.

Daha sonra tədris ilinin birinci yarımilində fərqlənən şagirdlərə Fəxri fərmanlar və Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri verilib.

Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, tədris ocağının yeni inşa olunmuş korpusu ötən ilin noyabrından şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, evdarlıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur. İnternat məktəbində 155 nəfər şagirdin təlim-tərbiyəsi ilə 55 nəfər pedaqoji heyət məşğul olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi