İnstitut direktoru: "Xarici şirkətlərin istehsalı olan toxumlar və ting materialları yerli sortları sıxışdırır"

İnstitut direktoru: "Xarici şirkətlərin istehsalı olan toxumlar və ting materialları yerli sortları sıxışdırır" "Biz əksər məhsullarla özümüzü təmin edə bilmirik"
Elm və təhsil
2 Mart , 2016 15:59
İnstitut direktoru: Xarici şirkətlərin istehsalı olan toxumlar və ting materialları yerli sortları sıxışdırır

Bakı. 2 mart. REPORT.AZ/ "Bir neçə institutda seleksiya işləri aparılsa da, yaradılan və rayonlaşdırılan sortların əksəriyyəti rəqabət qabiliyyətli deyil. Əkinçilik Elmi Tədqiqat İnstitutu istisna olmaqla, qalan institutlarda seleksiya işləri zəifdir". "Report"un məlumatına görə, bunu Genetik Ehtiyatlar İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəyişən mühitə adaptiv, yüksək məhsuldar və keyfiyyətli bitki sortları və heyvan cinslərinin yaradılmasında müasir metodlardan istifadə olunmur.

Z.Əkpərov qeyd edib ki, Azərbaycanda üzvi qalıqlar və məişət tullantılarının ehtiyatı milyon tonlarladır: "Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən fermentasiya texnologiyası ilə onlardan kompleks üzvi və üzvi-mineral gübrələrin istehsalı və bu gübrələrdən istifadə etməklə torpaqların bərpası və münbitliyin artırılması istiqamətində ciddi tədqiqatlar aparılıb".

İnstitut direktoru onu da vurğulayıb ki, bu gün Azərbaycana çoxlu gübrə idxal olunur: "Bu gübrələrdən alınan səmərə və keyfiyyət çox aşağıdır. Baxmayaraq ki, onlar baha qiymətə alınıb ölkəyə gətirilir. Ona görə də Prezidentin də qeyd etdiyi kimi, yerli istehsal hesabına həm gübrə, həm də kimyəvi vasitələr istehsal olunmalıdır ki, onların keyfiyyəti yüksək olsun və ucuz başa gəlsin. Akademiya institutlarının birgə hazırladığı yeni mineral üzvi gübrə istehsal olunub və sınağı keçirilib. Bir çox fermer təsərrüfatlarında onun tətbiqi başa çatıb. Hesab edirəm ki, onun geniş istehsalı və tətbiqinə keçilməlidir. Sənaye əsasında bu təşkil edilməlidir ki, bu da Azərbaycanda yeni əkin dövriyyəsinə daxil edilən torpaqların münbitliyinin, bitkilərin məhsuldarlığının artırılmasına böyük töhfə verə bilər.

Statistik rəqəmlər göstərir ki, biz əksər məhsullarla özümüzü təmin edə bilmirik. Halbuki, bir sıra kənd təsərrüfatı, xüsusən də meyvə-tərəvəz məhsulları üzrə böyük icrac potensialımız var. 

Azərbaycan tərəvəz və meyvə bitkilərinin ixracı üzrə böyük təcrübə və imkanlara malikdir. Hazırda yerli rəqabət qabiliyyətli sortlar yaradılmadığından, ixrac potensialını tam reallaşdırmaq, yaxın qonşulardan başqa digər ölkələrin bazarlarına çıxmaq mümkün olmur. Xarici şirkətlərin istehsalı olan toxumlar və ting materialları yerli sortları sıxışdırır. Bu gün Azərbaycan faktiki olaraq xarici alimləri və şirkətləri stimullaşdırır. Meyvəçilik və üzümçülükdə xəstəlik və zərərvericilərə daim calaqaltılardan istifadə edilməklə müasir texnologiyaların tətbiqinə imkan verən iri tingçilik təsərrüfatlarının yaradılması vacibdir".

Son xəbərlər

Orphus sistemi