İnsanların xəstəliklərini yazısı ilə müəyyən edən qadın: "Yanıma ölkə başçıları da gəlib" - MÜSAHİBƏ

İnsanların xəstəliklərini yazısı ilə müəyyən edən qadın: "Yanıma ölkə başçıları da gəlib" - MÜSAHİBƏ "Buna fal kimi baxırlar, ancaq bu bir elmdir"
Elm və təhsil
19 İyul , 2018 16:12
İnsanların xəstəliklərini yazısı ilə müəyyən edən qadın: Yanıma ölkə başçıları da gəlib - MÜSAHİBƏ
Qrafoloq Zeynəb Bornovalı / Report
0 : 00
0 : 00

"Təxminən, 1 nəfərə 300 lirə alıram"

"Yanıma gələnlərin çoxu genetik xəstəliklərdən əziyyət çəkənlər olur"

İstanbul. 19 iyul. REPORT.AZ/ İmzadan xarakteri oxuma elmi Qrafologiya adlanır. Bu, Avropa və ABŞ-da tez-tez müraciət edilən bir elm sahəsidir. Kəşfiyyat qurumları hadisələri təhlil etmək, böyük şirkətlər işçi qəbulunda məqsədəuyğun qərar vermək, pedaqoqlar şagirdlərini daha yaxşı tanıya bilmək üçün imza və yazıdan xarakteri təhlili etməyə tez-tez müraciət edirlər. Hətta cinayətkar axtarışında da bu sahədən istifadə olunur. Qrafologiya elmi genetik və sonradan qazanılmış xəstəliklərin aşkar olunmasında da yararlıdır. Türkiyədə bu elmin ilk və tək mütəxəssisi olan 75 yaşlı Zeynəb Bornovalının “Report”a müsahibəsini təqdim edirik:

- Zeynəb xanım, qrafologiya elmini necə öyrəndiniz? Əl yazısı ilə bir insanı neçə tanımaq olar?

- Qrafologiya yazı elmidir. Yazıya qaralama işarələri deyil, bir elm kimi baxsanız, nə demək istədiyimə daha yaxşı qərar verərsiniz. Avropa ölkələri, ABŞ-dan fərqli olaraq Türkiyə və yaxın coğrafiyada bu elm çox da bilinmir. Mən artıq 37 ildir bu elmin hüquqi müstəvidə təsdiq olunmuş mütəxəssisiyəm. İstanbul Universitetində doktorantura təhsili alırdım, məzuniyyətimə az qalmışdı, diplom işimi təhvil verdiyim müəllimim məni aldatdı. Diplom işimi aldı və onu başqa bir tələbəyə verdi. İllərlə çəkdiyim əziyyət heç olmuşdu. Çox kədərli idim, kitabxanaya getdim və əlimi uzadıb rəfdən bir kitab götürdüm. Kitab qrafologiya elmindən bəhs edirdi, kitabı tam oxudum və o gün mən bu elmi kəşf etdim. O ərəfədə həkimlər mənə xərçəng xəstəliyi diaqnozu qoymuşdular və öləcəyimi deyirdilər. Getmədiyim həkim qalmamışdı. Hər biri də çox məşhur professorlar idi. Ancaq xərçəng olduğuma inanmırdım. Artıq xəstəliyimin nə olduğunu özüm araşdıra biləcəkdim və bu məni çox sevindirirdi. Çox keçmədən bu elmin sayəsində özümün xəstəliyimi müəyyən etdim. Appendisitim vardı. Əməliyyat olundum və bu elmin sayəsində yaxşı həkim, işini bilən və bilməyənləri ayırd etməyə başladım. Dörd dil bilirəm. Bir neçə dəfə Amerikaya getdim, orda təhsil aldım və bu elmin incəliklərini öyrəndim. İllərdir xəstələrin yazısına baxıb onların xəstəlikləri ilə bağlı diaqnoz qoya bilirəm.

- Əsrimizin bəlası olan xərçəng xəstəliyini insanların yazısına baxıb müəyyənləşdirə bildiyinizi deyirsiniz. Başqa hansı xəstəliyi yazıya baxaraq müəyyən edə bilirsiniz?

- Bütün xəstəlikləri müəyyən edə bilirəm. Xəstə yanıma gəlmədən öncə ən azı 5 səhifə, qələmlə yazılmış yazısını gətirir. Yanıma gələnlərin çoxu genetik xəstəliklərdən əziyyət çəkənlər olur. Bəzən onlara xəbərdarlıq edirəm, övladlarını qorumaq üçün vaxtında müayinə, müalicə etdirmələrini tapşırıram. Dəfələrlə elə olub ki, həkimlərin səhv diaqnoz qoyub, müalicə etdiyi xəstələri düzgün yola yönləndirmişəm. Yanıma gələn həkimlər də var. Oğlum Türkiyənin məşhur həkimlərindəndir, o hər zaman mənimlə razılaşıb, ancaq bir çox həkim işimi qəbul etmir. Buna bir fal, ekstrasens işi kimi baxırlar, ancaq bilmirlər ki, qrafologiya bir elmdir. Ötən günlərdə bir həkim gəldi yanıma və əllərimdən öpdü, sən demə 9 il öncə onun yazısının oxuyaraq dediyim hər şey reallaşıb. Minlərlə xəstəm olub və gördüyüm işdə heç vaxt yanılmamışam. Nə oxudumsa, anında söylədim, hətta ölmək üzrə olan xəstələrim belə olub. Bəlkə, vəsiyyət yazacaqlar, niyə onların öləcəyini bildiyim halda vəsiyyətlərini yazmaqdan məhrum edim.

- Sadəcə, müayinə üçün deyil, böyük şirkətlər işçi seçmək üçün sizə müraciət edirlər?

- Bəli, çox böyük şirkətlər, nazirliklər yeni işçi götürmədən öncə mənə müraciət edirlər. Təbii ki, rəhbər vəzifəli işçilərdən söhbət gedir. Maraqlı bir hadisəni sizinlə bölüşüm, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyi mənə işə götürəcəkləri şəxsin yazısını göndərdilər. Baxdım ki, həmin şəxsin bir çox bitkilərə və torpağa allergiyası var. Ancaq çox savadlı və gözəl mütəxəssis idi. Mənim deməyimə baxmayaraq, onu işə götürdülər. Sonra bu problem yaratdığı üçün yanıma gəldilər, müqavilə bağladılar, daha bütün işçiləri mənimlə məsləhətləşdikdən sonra işə qəbul edəcəklərini bildirdilər. Son zaman çox belə əməkdaşlıq etdiyim həm dövlət, həm də özəl qurumlar var.

- Sirr deyilsə, nə qədər ödəniş olunur bir işçinin əl yazısını oxumanız üçün?

- Qiymətlər dəyişir, bəzən 10 nəfəri birdən göndərirlər. Yazıya, şirkətə və insana görə qiymət təyin edilir. Təxminən, 1 nəfərə 300 lirə alıram.

- Yanınıza gələnlər arasında məşhurlar olubmu?

- Olur, ölkə başçıları belə olur. Rusiyadan çox məşhur biri gəlmişdi yanıma. Adını deyə bilmərəm. Çox sənətçilər gəlib, həm Türkiyədən, həm də dünyadan.

- Həkimlər sizi qısqanırlar?

- Bunu gizlətməyə çalışırlar, ancaq bilirəm, qısqanırlar. Təbii, həkimlərə böyük hörmətim var. Bəziləri mənə gülüb keçirlər, həmin həkimlərdən sonra gəlib üzr istəyən də olur. Həkim baxır, müayinə edir, sonra da müalicə edir. Mən isə baxıram və xəstəliyini söyləyirəm. Onsuz da həkim yanına getdikləri zaman dediklərimi ondan da eşidirlər. Çox vaxt belə olur. Ancaq bəzən həkim səhvə yol verir.

- Oğlunuzun Türkiyənin məşhur həkimlərindən olduğunu söylədiniz. Onun sizin peşənizə münasibəti necədir?

- Oğlum məktəbli idi, sinif yoldaşlarının yazılarını gətirirdi, bərabər təhlil edirdik. O da bu elmin incəliklərindən bir qədər məlumatlı olduğu üçün məni hər zaman dəstəkləyir. Xəstəliklərlə bağlı qarşılıqlı söhbətimiz çox olub.

- Bu elmi öyrənmək üçün sizə müraciət edən olubmu?

- Bəli çox olub. İki il öncə Boğaziçi Universitetinin rəhbərliyi bu elmi tələbələrinə öyrətməyimi istədi. Ancaq gördüm olmayacaq. Çünki, qrafologiyanı öyrənmək asan deyil. Hazırkı psixologiya içində yaşayan gənclik bu elmi bir elm kimi qavraya bilməz. Ən az 3 dil bilməsini tələb edirəm tələbədən. Tələbəm olmaq asan deyil. Ona görə də nə qədər yüksək məbləğ təklif etsələr də, mən bu işi qəbul etmədim. Türkiyədə üç tələbəm var. Onlar xaricdə təhsil almış insanlardır. Xarici ölkələrdə də tələbələrim var, onlara internetdən dərs verirəm.

- Kitab yazmaq və ya qrafologiya elminin daha geniş kütləyə yayılması üçün çalışmaq istəyirsinizmi?

- Düşünürəm, bu elmin Türkiyədə qəbul olunması üçün zamana ehtiyac var. Ona görə də tələsmirəm. İstəmirəm mənim yazdıqlarımı təhsilsiz insanlar oxuyub, ondan nəticə çıxarmaq yerinə ona başqa gözlə baxsınlar. Vaxta ehtiyac var. Mən olmasam da, bir gün bu elmi sözün əsl mənasında kütləyə tanıdacaq kimsə olacaq. Azərbaycana getmək, ora ilə tanış olmaq istəyirəm.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi