Bakıda ​"İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib

Bakıda ​"İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib Hadi Rəcəbli: "Qanunvericilikdə xüsusi təhsillə bağlı hissədə kiçik düzəliş olmalıdır"
Elm və təhsil
13 Mart , 2015 15:32
Bakıda ​İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər mövzusunda dəyirmi masa keçirilib

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Təhsil Problemləri İnstitutunda "İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib. 

"Report"un xəbərinə görə, İnstitutun direktoru Qulu Novruzov deyib ki, məqsəd müasir dövrdə Azərbaycanın təhsil siyasətinin prioritet məsələlərindən biri sayılan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılması, inklüziv təhsilin tətbiqində real vəziyyət, mövcud problemlər və beynəlxalq təcrübənin ölkə təhsilinə inteqrasiyasıdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Haci Rəcəbli bildirib ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək tarixən savab iş hesab olunub: "Son illər Təhsil Nazirliyində bu sahədə ardıcıl iş aparılıb. Eyni zamanda, inklüziv təhsil sisteminin özü də Azərbaycan üçün yeni idi. Bu sistemin özünün dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda qurulması yeni istiqamət idi və bu istiqamətdə zamanla addım-adım işlər görüldü. Azərbaycanda artıq bu sahədə müəyyən təcrübə əldə olunub".

H.Rəcəbli qeyd edib ki, əlil uşaqlarla bağlı hüququ baza var, qanunlarda bu məsələ təsbit olunub: "Lakin qanunvericilikdə hələ də müəyyən boşluqlar var. Qanunda xüsusi təhsillə bağlı hissədə kiçik düzəliş olmalıdır. Çünki evdə təhsillə xüsusi müəssisədə təhsil arasındakı ödəmədə fərq var. Bunu aradan qaldırmalıyıq".

O, həmçinin əlavə edib ki, bu gün Azərbaycanda 530 min əlil varsa, onun 62 mini uşaqdır: "Təhlillərə əsasən, əlillərin təxminən 50%-ə qədəri 3 yaşına qədər olan uşaqlardır ki, onlar da əsasən həkim və valideyn nöqsanı nəticəsində əlil olurlar".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxışında bu sahədə əldə olunan uğurlarla yanaşı, müəyyən problemlərin də olduğunu deyib. Onun sözlərinə görə, bu sahədə mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.

Qeyd edək ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UNİSEF-in Bakı ofisi, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanların problemləri ilə məşğul olan aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri və bu sahədə ixtisaslaşmış aparıcı mütəxəssislər iştirak edib.

Son xəbərlər

Orphus sistemi