Şirməmməd Hüseynovun yeni kitabı çapdan çıxıb

Şirməmməd Hüseynovun yeni kitabı çapdan çıxıb Nəşrin II cildinə qəzetin 1919-cu il aprelin 18-dən oktyabrın 30-dək buraxılan nömrələrində parlamentin hesabatları və vacib şərhlər daxil edilib
Elm və təhsil
2 İyul , 2016 17:55
Şirməmməd Hüseynovun yeni kitabı çapdan çıxıb

Bakı. 2 iyul. REPORT.AZ/ Professor Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)” adlı kitabı çapdan çıxıb.

"Report"un xəbərinə görə, kitabın hər iki cildinin “Ön söz” müəllifi professor Şirməmməd Hüseynov, transliterasiya redaktorları professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğludur (Mirzəyev).

Kitab Cümhuriyyət parlamentinin çoxşaxəli və gərgin fəaliyyəti, müxtəlif siyasi qüvvələri təmsil edən fraksiyaların marağı, parlament komissiyalarının, deputatların işi, hökumət başçıları və nazirlərlə parlament arasında münasibət barədə dolğun təsəvvür yaradır.

Toplunun I cildində parlamentin 19 iclasının hesabatı, qanunverici orqanın fəaliyyətinə dair şərhlər yer alıb. Bu cild “Azərbaycan” qəzetinin parlament açılmazdan əvvəl dövrün ictimai-siyasi mühitini xarakterizə edən yazıları ilə başlayır.

Kitabda istər müəllif məqalələrinin, istərsə də parlamentdə söylənilən nitqlərin dil və üslub xüsusiyyətləri olduğu kimi saxlanılıb, hər yazının sonunda isə mətndəki ərəb-fars mənşəli sözlərin lüğəti verilib.

Nəşrin II cildinə qəzetin 1919-cu il aprelin 18-dən oktyabrın 30-dək buraxılan nömrələrində (160-309) parlamentin hesabatları və vacib şərhlər daxil edilib. Onların sırasında Ü.Hacıbəyli “Dördgöz olmalıyıq”, “Dağıstana imdad”, “Zaqafqaziya konfransına dair”, Ömər Faiq Nemanzadənin “Böhtanlarla böyük işlər görülür”, Xəlil İbrahimin “Yetər artıq”, Əbdülrəhim Ağakişizadənin “Vətən gənclərinə bir kaç söz” və digər məqalələr yer alıb.

Son xəbərlər

Orphus sistemi