Yuxarı

Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına qəbul elan olunub

Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına qəbul ü

Azərbaycanla Türkiyə və Rusiya arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2019/2020-ci tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqədə bu il IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. 

Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək Gülhanə Tibb Fakültəsində, 6 (altı) nəfərin siyahısı isə Hərbi Tibb Akademiyasında təhsil alması məqsədi ilə seçim üçün Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində və Hərbi Tibb Akademiyasında təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Kursantlar birinci kursda hərbi and içir və Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər şəxsiyyəti təsdiq edən sənədin əsli ilə iyulun 11-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi