​Görkəmli alim Şamil Fətullayevlə vida mərasimi keçirilib

​Görkəmli alim Şamil Fətullayevlə vida mərasimi keçirilib Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb
Elm və təhsil
11 Mart , 2015 15:55
​Görkəmli alim Şamil Fətullayevlə vida mərasimi keçirilib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün AMEA-nın əsas binasının dairəvi zalında görkəmli memarlıq tarixçisi, dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı, akademik Şamil Seyfulla oğlu Fətullayevlə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edib.

Alimin tabutu önünə Azərbaycan Prezidenti adından əklil qoyulub.

Akademik Şamil Fətullayevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri vida mərasimində iştirak ediblər.

Matəm tədbirini AMEA prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış memar, görkəmli alim Şamil Fətullayevin səmərəli elmi fəaliyyətindən, respublikada memarlıq tarixinin inkişafındakı xidmətlərindən danışıb. AMEA rəhbəri alimin sənətşünaslıq sahəsində elmi məktəb yaratdığını, ömrünün 60 ilini Azərbaycan memarlığının inkişafına həsr etdiyini vurğulayıb.

Vida mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək alimin Azərbaycanda memarlıq və sənətşünaslığın inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Mərhumun ailəsi adından çıxış edən Elçin Əliyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.

Sonra alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi