Yuxarı
    Bağlamaq

    Gənclərin yeni danışıq tərzi: noutbuklarda UEFİ olur, BİOS tarixə qovuşur

    Bakı. 23 iyun. REPORT.AZ/ “Adətən sistemin avtobekap edilməsi saat 2-dən 4-ə kimi konfiqurasiya edilir. İmeyc çıxarılması çox vaxt aparmır”, “Yeni nəsil noutbuklarda UEFİ olur, artıq BİOS tarixə qovuşur”, “SATA tipli harddisklərin yazma sürəti 7200RPM olur”. 

    "Report" xəbər verir ki, son illərdə gənclərin danışıq və yazışmalarında belə ifadələrə tez-tez rast gəlinir. 

    Gənclərin nitqi “vatsap”, “vayber”, “ayfon”, “android”, “mesaj”, “bekap” kimi yabanı sözlərlə boldur. Yaxınlıqda olan yaşlı nəslin nümayəndələri belə qəribə, anlaşılmaz danışığı anlamaqda çətinlik çəkirlər. Texniki, terminoloji ifadələri dilə gətirən gənclərlə yaşlı insanların bir-biri ilə ünsiyyətdə problemi yaşanır. Hazırki durum dilin inkişafına və iki nəslin qarşılıqlı münasibətinə necə təsir göstərir?

    "Report"un sualını cavablandıran Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yaşlı nəslin çox zaman gənc nəslin danışıq tərzini anlamamasını normal hal olduğunu düşünür: “Bu prosesin dilin inkişafına nə müsbət, nə də mənfi təsiri yoxdur. Bu bir sosial hadisədir. Hər zaman hər yerdə bu kimi hallara rast gəlmək olur. Buna “arqo” deyilir. O vaxt, məsələn Qarabağ xanəndələrinin özünəxas arqosu olub. Onlar yalnız bir-birlərinin anlaya biləcəyi ifadələrdən istifadə edərək danışıblar. Bu, çox vaxt danışdıqlarını ətrafdakılara bildirməmək, gizlətmək üçün istifadə olunur. Belə xüsusiyyət dünyanın bütün dillərində var. Gənclərin, siyasi partiyalara mənsub olanların, bazar alverçilərinin, hətta oğruların öz arqosu mövcuddur. Hər növ sosial statusu olan insanlar bir- biri ilə ünsiyyətdə arqolardan yararlana bilərlər”.

    Psixiloq Nuriyyə Quluyevanın fikrincə, belə hallar çox normaldır: “Əlbəttə, hər bir yaş dövrünün özünəməxsus xüsusiyyəti var. Gənclərin fərqli düşüncə tərzi olduğu kimi, fərqli danışıq tərzi də var. Yaşlı nəslin yaşadığı zaman ilə, gənc nəslin yaşadığı zaman arasında kifayət müxtəliflik mövcuddur. Əvvəllər gənc nəsil ilə yaşlı nəsilin qarşılıqlı münasibəti daha yaxşı idi. Lakin texnologiya əsri bu vəziyyəti qismən dəyişib. Yaşlı nəslin nümayəndələri öz dövrünün tələblərini bu dövrün gənclərinə şamil etməməlidirlər. Hər nəsil öz dövrünün ritminə uyğun davranmalıdır. Gənc nəslin özünə uyğun qayda-qanunu var. Onlardan danışıq tərzini, düşüncələrini dəyişməyi tələb etmək düzgün deyil. Bu yaşlı nəsil ilə gənc nəsil arasında müəyyən probləmlər yarada bilər”.

    Jalə Əlisoy

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi