​Gənclər təşkilatı "Azərbaycanın Bəxtiyarı" adlı tədbir keçirib

​Gənclər təşkilatı "Azərbaycanın Bəxtiyarı" adlı tədbir keçirib Tədbirin sonunda "Bəxtiyar Vahabzadə - 90" adlı sərgiyə baxış keçirilib
Elm və təhsil
19 Avqust , 2015 16:34
​Gənclər təşkilatı Azərbaycanın Bəxtiyarı adlı tədbir keçirib

Bakı. 19 avqust. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba Regional Ofisi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş "Azərbaycanın Bəxtiyarı" adlı tədbir keçirilib. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov Bəxtiyar Vahabzadənin görkəmli sənətkar, xalqının canlı dil memarlığına öz töhfəsini verə bilən, insanların qəlbində möhtəşəm poeziya məbədini quran bir şair olduğunu qeyd edib.

Daha sonra çıxış edənlər şairin həyat və yaradıcılığından söz açaraq, bədii yaradıcılığa 1943-cü ildə başlayan Bəxtiyar Vahabzadənin 100-ə yaxın şer kitabının, monoqrafiyanın, elmi-publisistik məqalənin, tarixi mövzuda yazılmış 20-dən artıq iri həcmli poemanın müəllifi olduğunu diqqətə çatdırıblar.

Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələrin Elşən Əhmədzadə və Nuray Acalova da çıxış edərək, Bəxtiyar Vahabzadənin kamil cəhətlərindən biri kimi mövzu dairəsinin geniş və zəngin olduğunu, insanın yaşamaq eşqinə qol-qanad verdiyini bildiriblər.

Tədbirdə kitabxananın fəal oxucularından Afət Rəhimova, Fatimə Əliyeva, Hüseyn Əsgərov və başqaları şairin şerlərindən parçalar səsləndiriblər.

Sonda oxu zalında hazırlanan "Bəxtiyar Vahabzadə - 90" adlı sərgiyə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi