Yuxarı

Gənclər arasında velosiped çempionatı keçirilib

Çempionatın qaliblərinə kuboklar və pul mükafatı təqdim olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası Mingəçevir şəhərində gənclər arasında velosiped çempionatı keçirilib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib.

Tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək son illər velosiped idman növlərinin ölkədə inkişafını yüksək qiymətləndirib.

Federasiyanın baş katibi Fərhad Əliyev Azərbaycan velosiped idmanına dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini vurğulayıb, gənclərə uğurlar arzu edib.

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov da gənclərin hər zaman velosiped idmanına həvəs göstərdiyini, gənclərin asudə vaxtının səmərəli təşkili baxımından keçirilən bu cür çempionatların əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çempionat öz işinə başlayıb. Çempionatın qaliblərinə kuboklar və federasiya tərəfindən pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Birinci Avropa Oyunlarının Bakı və Mingəçevirdə keçiriləcəyini nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi Mingəçevir şəhərində Avropa Oyunlarının təbliğatına həsr olunmuş çoxnövçülük üzrə idman oyunları, həmçinin "Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək" adlı festival təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi