Yuxarı
    Bağlamaq

    “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsi elan edilib

    Müsabiqəyə sənədlərin qəbulu aprelin 25-dək aparılacaq

    Bakı 2 fevral. REPORT.AZ/ Mərkəzi Bank, Prezident yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu 2 fevral - Gənclər Günündə “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinı elan edib.

    Elmin İnkişafı Fondundan "Report"a verilən məlumata görə, müsabiqə gənclərin cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində səyləri birləşdirmək üçün “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, bu sənədin “7.5.2. Prioritet 5.2. İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” bölməsinin qarşıya qoyduğu vəzifələri əsas tutaraq elan olunub.

    Müsabiqənin məqsədi maliyyə savadlıllığı üzrə xüsusilə ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.

    Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 1 500 manat (1 mükafat), 1 000 manat (2 mükafat), 500 manat (3 mükafat) məbləğində pul mükafatı və diplomla təltif olunacaq.

    Mükafat müsabiqəsində AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, maliyyə-kredit sistemindəki təşkilatlardan, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən sənədlərin təqdim olunma gününədək yaşı 35 və ya 35-dən aşağı olan, əlaqəli sahədə ali təhsilli (ən azı magistr dərəcəsinə malik olan) gənc alim və mütəxəssislər bərabər əsaslarla və şəffaflıq qorunmaqla iştirak edə bilərlər.

    Məqalənin sonunda və ya əvvəlində “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim etmək üçün dərc olunur” qeydi verilməlidir.

    Müsabiqəyə sənədlər cari il fevralın 12-dən başlayaraq qəbul olunacaq. Sənədlərin son qəbul günü aprelin 25-i saat 17:00-dır. Nəticələr bu il may ayının ilk ongünlüyündə açıqlanacaq, xüsusi təqdimat mərasimində mükafatlar təqdim ediləcək.

    Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda və Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Mükafat müsabiqəsi ilə bağlı daha ətraflı məlumatı http://www.sdf.gov.az/ saytından əldə etmək mümkündür.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi