Yuxarı

Bakıda ​“Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda beynəlxalq tədbir keçiriləcək

I Beynəlxalq dəyirmi masa iki gün davam edəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda iyunun 28-29-da “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi”mövzusunda I Beynəlxalq "dəyirmi masa" keçiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir BBMM, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları - ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin Sosialogiya və Siyasi Elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, Özbəkistandan tarixçi Söhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev iştirak edəcəklər.

"Dəyirmi masa" iyunun 28-də “Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (Kitabların təqdimatı)” mövzusunda panellərdə işini davam etdirəcək.

İyunun 29-da iştirakçılar və qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.

Ümumiyyətlə, “Terror multikulturalizmə qarşı” adlı layihənin icrası ilə bağlı daimi təşkilat komitəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayıçilər Şurasının sədri, akademik Kamal Abdullayev, DQİDK–nın sədri Mübariz Qurbanlı, DİDK-nın sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, AMEA-nın Hüquq İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və BBMM-in icraçı direktoru Azad Məmmədov və AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidi təmsil olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi