​“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi başa çatıb

​“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi başa çatıb Seçilən müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə dərsləri keçib
Elm və təhsil
10 Dekabr , 2014 16:48
​“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsi başa çatıb

Bakı. 10 dekabr. REPORT.AZ/ “Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. 

Bu mərhələyə müsabiqədə iştirak üçün ərizə verən 296 müəllim arasından seçilən 131 müəllim buraxılıb. Seçilən müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.

Üçüncü mərhələdə həmin müəllimlər nazirlikdə yaradılan Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndiriləcək. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilən 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2014-cü il üzrə 100 qalib müəyyənləşdiriləcək.

Xatırladaq ki, müsabiqə Azərbaycan Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri təmsil olunur.

Son xəbərlər

Orphus sistemi